“Hudson’s Bay” adını, brendlərinin hüquqlarını “Canadian Tire” alır. Razılaşmaya əsasən, bu brend adları altında məhsullar artıq “Canadian Tire”ə məxsus 1,700 mağazada, o cümlədən SportChek, Party City, Mark’s və Pro Hockey Life mağazalarında satıla biləcək.
CTVNews-un məlumatına görə, “Canadian Tire”in baş direktoru Qreq Hiks “Hudson’s Bay”in çöküşünü “üzücü mənzərə” adlandırsa da, onların əldə etdiyi razılaşmanın “həm strateji, həm də vətənpərvər” addım olduğunu bildirib: “Bəzi şeylər sadəcə Kanada üçün qalmalıdır. Biz “Hudson’s Bay”in aparıcı brendlərini, o cümlədən məşhur “Hudson’s Bay” gerbi və zolaqlarını “Canadian Tire” ailəsinə daxil etdiyimiz üçün qürur duyuruq”.
“Hudson’s Bay”in baş direktoru Liz Rodbell də bu fikirləri dəstəkləyib: “Hudson Bay brendinin, Kanadaya xas təcrübəni təcəssüm etdirən başqa bir ənənəvi pərakəndəçinin almasına görə minnətdarıq. Əminəm ki, onlar 350 ildən çox olan “Hudson’s Bay” irsini layiqincə qoruyacaq və bu ikonik brendləri gələcəyə daşıyacaqlar”.
“Canadian Tire”in mağazaları “Hudson’s Bay” in fəaliyyət göstərdiyi bölgələrlə üst-üstə düşdüyü üçün Gluckstein və Distinctly Home məhsullarının Canadian Tire mağazalarına, Hudson North brendinin isə Mark’s və SportChek mağazalarına inteqrasiyası asan olacaq.
“Canadian Tire”in məhsul portfeli üçün “Hudson’s Bay” in ən dəyərli aktivlərindən biri olan məşhur Bay zolaqları da təbii uyğunluq yaradır. 1779-cu ildən bu yana istifadə olunan bu yaşıl, qırmızı, sarı və göy rəngli zolaqlar yalnız geyim və yorğanlarda deyil, həm də mətbəx əşyalarında, ev heyvanı yaxalıqlarında və bağ mebellərində də yer alıb – bütün bunları “Canadian Tire” satır.
Bu satış “Hudson’s Bay”in mart ayında kreditor mühafizəsinə müraciət etməsindən sonra gündəmə gəlib. Şirkət pandemiyadan sonra zəif bərpa, şəhər mərkəzlərində azalan insan axını və ABŞ ilə tarif müharibəsi səbəbindən borclarını ödəməkdə çətinlik çəkdiyini bildirmişdi.
“Bay” 80 mağazası və Saks brendi altında fəaliyyət göstərən 16 mağazasını ayaqda saxlamaq üçün maliyyə vəsaiti tapa bilməyən şirkət, mağazaların ləğvinə başlayaraq, brendlərin tamamilə yox olmasının qarşısını almaq yollarını axtarmağa başlamışdı.
Bu sadəcə 355 illik bir mağaza şəbəkəsinin irsindən ibarət deyildi. “Hudson’s Bay” Kanada tarixində də mühüm rol oynamışdı. 1670-ci ildə qurulan şirkət, bir vaxtlar ölkənin torpaqlarına, iqtisadiyyatına və yerli xalqlarla münasibətlərə nəzarət edən bir kürk ticarəti şirkəti idi. Vaxt keçdikcə “Hudson’s Bay” bir çox kanadalının ev əşyaları, geyim və digər məhsullar üçün üz tutduğu böyük mağaza şəbəkəsinə çevrildi. Bir çox ailə ilk evlərini ev əşyaları ilə təchiz etmək üçün “Bay” mağazalarına axışırdı.
Şirkət brendlərini satmağa başladıqda, bəzi alıcılar “Bay”i müasir bir mağazalar şəbəkəsi kimi yenidən qurmağa, bəziləri isə sadəcə brendləri alıb onlara yeni həyat verməyə çalışırdı.
Şirkətin maliyyə məsləhətçisi “Reflect Advisors”ın idarəedici direktoru Adam Zalev bildirib ki, “bir çoxları” “Hudson’s Bay”in aktivləri ilə maraqlanıb. Şirkət ümumilikdə 17 təklif alıb. “Canadian Tire”in təklifi əsasən intellektual mülkiyyətlə bağlı olsa da, “bir neçə icarə yeri”ni də əhatə edir. Bu yerlərin Bay mağazası kimi davam etdiriləcəyi, yoxsa digər brendlər üçün istifadə olunacağı hələlik məlum deyil.
Hazırda “Bay” brendləri “Canadian Tire” ailəsinə daxil olsa da, “Bay”in şəhərin prestijli bölgələrindəki nəhəng icarə müqavilələri hələ də satışa çıxarılıb.
Məhkəmə sənədlərinə görə, 12 alıcı 39 icarə müqaviləsi üçün təklif verib və bəzi alıcılar eyni yerlər üçün rəqabət aparırlar.
Bundan əlavə, “Hudson’s Bay” 1670-ci ildə şirkətin əsası qoyulmuş kral fərmanı da daxil olmaqla, 4,400 sənət əsəri və tarixi əşya üçün yeni sahiblər axtarır. Bu əşyaların Heffel Gallery tərəfindən keçiriləcək hərracda satılması planlaşdırılır.