Əmlakçılar Assosiasiyasının noyabra olan göstəriciləri alıcılar və satıcılara nə vəd edir?
2024-cü ilin noyabrında Kanadanın əmlak bazarında canlanma müşahidə edilib. Bu hərəkətlilik həm alıcılar, həm də satıcılar üçün yeni imkanlar yaradır.
Satışlar yenidən artır
Kanadada ev satışları noyabrda oktyabra nisbətən 2,8 faiz artaraq maydan bəri 18,4 faiz yüksəlib. Bu artım, Kanadanın Mərkəzi Bankının iyunda başladığı faiz endirimlərindən qaynaqlanır. Vankuver, Kalqari, Toronto və Montreal kimi iri şəhərlər bu artıma liderlik edir. Eyni zamanda, Alberta və Ontario əyalətlərindəki kiçik bazarlarda da ikirəqəmli artımlar qeydə alınıb.
Bu göstəricilər yalnız aylıq artımlarla məhdudlaşmır. İllik müqayisədə satış fəaliyyəti 2023-cü ilin noyabrına nisbətən 26 faiz artıb. Bu, alıcıların artan etibarı və azalan borclanma xərcləri ilə güclənən bazarın işarəsidir.
Ev qiymətləri bərpa olunur
Kanadada 18 aya yaxın davam edən qiymət azalmasından sonra, ev qiymətləri yenidən yüksəlməyə başlayır. Milli MLS Ev Qiymət İndeksi (HPI) oktyabrdan noyabra 0.6 faiz artaraq 2023-cü ilin iyulundan bəri ən böyük aylıq artımı göstərir.
Ev Qiymət İndeks göstəricisi hələ də ötən ildən 1,2 faiz aşağı olsa da, yüksələn tendensiya diqqətəlayiqdir. Ümumi ölkə üzrə evlərin ortalama qiyməti noyabrda 694,411 dollar təşkil edərək, 2023-cü ilin noyabrına nisbətən 7,4 faiz artıb.
Artan tələbə qarşı azalan siyahılar
Satışların artmasına baxmayaraq, satışa çıxarılan evlərin sayı bir qədər azalıb və noyabrda 0.5 faizə düşüb. Bu azalma oktyabrda baş verən daha böyük, 3 faizlik azalmanın davamıdır. Oktyabrda marketə çıxarılan evlərin 57,3 faizi, noyabrda isə 59,2 faizi satılıb.
Müqayisə üçün qeyd edək ki, bu nisbət 45 faizdən 65 faizə qədər olduqda, bazar balanslı hesab edilir. Daha yüksək nisbət isə satıcı bazarına işarədir, yəni satış faizi yüksək olanda satıcılar daha çox qazanır.
İnventar səviyyə 14 ayın ən aşağı nöqtəsində
Satışda olan ev təklifləri məhdud olaraq qalır. Noyabrın sonundakı statistikaya görə, oktyabrda evlərin marketdə qalma müddəti 3,8 ay, noyabrda isə azalaraq 3,7 ay olub. Ümumilikdə, uzunmüddətli orta göstərici 5,1 aydan xeyli aşağıdır.
Qeyd edək ki, balanslı bazar adətən 5-6 aylıq inventar ehtiyatına (yəni evlər 5-6 ay marketdə qalır – İ.M.) malik olur. Oktyabr və noyabrdakı statistikadan görürük ki, evlər marketdə 5-6 aydan daha az qalıb. Bu da satıcılar üçün əlverişli şəraitin olması, alıcıların isə mövcud daşınmaz əmlak bazarında artan rəqabətlə üzləşəcəyindən xəbər verir.
Bu qış əmlak bazarında vəziyyət necə olacaq
Ənənəvi olaraq, daşınmaz əmlak bazarı qış aylarında səngiyir. Lakin bu il fərqli ola bilər. Kanadanın Mərkəzi Bankının faiz dərəcələrini endirməsi və ipoteka qaydalarının yumşaldılması qış aylarında əmlak bazarının fəaliyyətini aktivləşdirə bilər.
“Adətən əmlak bazarının dirçəlişi yaz aylarına qədər ara verir. Lakin mövcud iqtisadi şərtlər bazarın qış aylarında daha aktiv olmasına səbəb ola bilər”, deyə Kanada Əmlakçılar Assosiasiyasının baş iqtisadçısı Şon Katkart qeyd edib.
Yazı stats.crea.ca saytından tərcümə olunub.