1000-dən çox kanadalıya COVİD-19-la bağlı vaksindən, maskadan və vaksin testlərindən azad olmaq üçün sənəd verdiyinə görə Seleste Cin Sirvelin lisenziyası Ontario Həkimlərin və Cərrahların İntizam Tribunalı tərəfindən ləğv edilib. Həkimlik lisenziyasının ləğvinin səbəbi Seleste Cin Sirvelin pul müqabilində saxtakarlıq edərək bu sənədləri imzalaması olub.
Tribunal müəyyən edib ki, 2021-ci ilin avqust-oktyabr ayları arasında S.Sirvel COVID-19-la bağlı vaksinasiya, maska və test tələbləri üçün ümumilikdə 1,425 azadolma sənədi yazıb. Tribunalın məlumatına görə, bu məktubların 999-u vaksinasiya, 230-u maska, 196-sı isə testlərlə bağlı olub. İlk dəfə müraciət edən pasiyentlərdən hər məktub üçün 300 dollar alınıb.
Tribunal bildirir ki, xidmətlər əsasən “ağızdan-ağıza” reklam olunub və pasiyentlərə sənədlərin alınma prosesi və qiymətləri barədə elektron məktub göndərilib: “Pasiyentlərdən maska, burun testi və ya vaksinlə bağlı tibbi narahatlıqlarını izah etmələri istənilib və onlara necə cavab verməli olduqlarına dair nümunələr təqdim olunub”.
Bir günə 100-dən çox pasiyentlə telefon görüşü
Tribunalın qeyd etdiyi nümunələr arasında ağır narahatlıq, iltihab, autoimmun xəstəliklər, qan laxtalanması problemləri, ürək xəstəlikləri, nəfəsalma çətinliyi, vaksinlərə allergik reaksiya qorxusu və ya yaxınlarının vaksin sonrası ciddi allergik reaksiyası kimi hallar yer alıb: “Pasiyentlərə göndərilən məlumatlarda qiymətlərlə yanaşı, bir neçə sənəd və ailə üzvləri üçün endirimlər də göstərilib”.
Qərara əsasən, pasiyentlər telefonla qiymətləndirilib və həkim bəzi günlərdə onlarla, hətta yüzdən çox pasiyent qəbul edib. Məsələn, 2021-ci il oktyabrın 28-də 107, 30-da isə 116 pasiyentlə görüş keçirib.
Tribunal həmçinin bildirib ki, həkim 2013-cü ildə psixiatriya üzrə ixtisas alıb və əsasən Ontarioda yuxu klinikalarında fəaliyyət göstərib. Onun immunologiya, ictimai səhiyyə və ya yoluxucu xəstəliklər üzrə xüsusi təhsili olmayıb.
Pasiyent məlumatları qatarda müzakirə edilib
Bundan əlavə, pasiyent məlumatlarını düzgün saxlamadığı və ictimai yerlərdə yüksək səslə telefonla pasiyent məlumatlarını müzakirə etdiyi də müəyyən edilib.
Məsələn, sentyabrın 9-u 2021-ci ildə Ottava ilə Kingston arasında hərəkət edən qatarda o, telefonla vaksindən azadolmalar barədə danışarkən digər sərnişin tərəfindən eşidilib. Tribunal bildirir ki, o, təxminən iki saat ərzində 6-10 telefon danışığı aparıb, özünü tam adı ilə təqdim edib və qeydiyyatdan keçmiş psixiatr olduğunu bildirib.
Həmin dövrdə Səhiyyə Nazirliyi COVID-19 vaksinindən tibbi azadolmalar üçün ciddi qaydalar müəyyən etmişdi. Bunlar əsasən allergiya/immunologiya mütəxəssisi tərəfindən təsdiqlənmiş ağır allergik reaksiyalar və ya vaksin sonrası miokardit/perikardit halları ilə məhdudlaşırdı.
Lisenziyanın ləğvi və 10 minlik cərimə
Məhkəmə prosesi S.Sirvelin iştirakı olmadan davam etdirilib, çünki o, tribunalın məktublarına cavab verməyib. 2024-cü ildə ilkin proseslərdə iştirak etsə də, sonradan dinləmələr tibbi səbəblərlə təxirə salınıb. 2025-ci ildə isə tribunal əlavə gecikmələrə icazə verməyəcəyini bildirib. Daha sonra onun vəkili işi tərk edib və həkim, ümumiyyətlə, proseslərdə iştirak etməyib.
Tribunal S.Sirvelin lisenziyasını ləğv etməklə yanaşı, ona 10 min 370 dollar məbləğində cərimə yazıb.