Kanadada federal minimum əməkhaqqı aprelin 1-dən 40 sent artırılacaq. Bu planlaşdırılmış artım əməkhaqqını inflyasiyaya uyğunlaşdırmaq məqsədi daşıyır.
Minimum əməkhaqqı saatına 17,75 dollardan 18,15 dollara yüksələcək. Minimum əməkhaqqı hər il əvvəlki ilin orta istehlak qiymətləri indeksinə əsasən yenilənir. 2025-ci ildə bu göstərici 2,1 faiz olub. Yeni məbləğ isə ən yaxın 5 sentə qədər yuvarlaqlaşdırılır.
Federal minimum əməkhaqqı 2021-ci ildə keçmiş baş nazir Castin Trudo hökuməti tərəfindən tətbiq edilib. Bu qayda nəqliyyat, bankçılıq və telekommunikasiya kimi federal tənzimlənən sahələrdə çalışan işçilərə şamil olunur.
Kanadada minimum əməkhaqqı regionlara görə fərqlənir. Ən yüksək göstərici Nunavut ərazisində (19,75 dollar), ən aşağı isə Alberta əyalətindədir (15 dollar).