[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

70-ci illərdə Guelph Universitetində oxumağa başladı, 68 yaşında məzun oldu

Dave Burnett: “İnsanın ehtirasla bağlandığı şeyə geri dönməyindən gözəl yol yoxdur”

Dave Burnett pis vərdişlərdən asılılıqla mübarizə aparsa da, universitetə yenidən qayıtmaq üçün yol tapdı. Guelph Universitetində ötən həftə çoxları üçün məzuniyyət həftəsi olsa da, 68 yaşlı Dave Burnett üçün bu gün yalnız məzuniyyət həftəsi deyildi. Məzuniyyət törənində səhnəyə çıxması 49 illik yolun nəticəsi idi.

Ontarionun Guelph şəhərində böyüyən Dave Burnett həyat hekayəsini CBC-yə danışıb. 1976-cı ildə, orta məktəbi bitirən kimi anasını razı salmaq üçün Guelph Universitetinin Kənd Təsərrüfatı Kollecində bakalavr proqramına başlayıb.

Akademik uğurlarına baxmayaraq, əlləri ilə işləmək istəyi üstün gəldiyindən dərslərini yarımçıq qoyub: “Mən ferma uşağıydım və ilk fürsətdə arxa qapıdan çıxıb getdim”.

49 ildən sonra ötən həftə Burnetti məzun olduğu universitetin məzuniyyət törənində həyat  yoldaşı və iki qızı səhnədən keçərkən alqışladılar.

“Problemlərim olsa da, heç vaxt işsiz qalmamışdım”

Universiteti tərk etdikdən sonra o, bir müddət dəyirmançı işləyir, daha sonra böyük fermaların idarəçisi olur və sonda öz mühasibat şirkətini qurur. Amma növbəti 20 ildə onun həyatını narkotik və alkoqol asılılığı alt-üst edir. Bu çöküş şəxsi və peşəkar həyatını da darmadağın edir.

Onun dönüş nöqtəsi səhhətinin ciddi pozulması və bir dostunun onu yoxlamağa gəlməsi ilə başlayır. O zaman Burnett hətta həftənin hansı günü olduğunu belə bilmirmiş. Səhhət problemləri onun ayağa qalxmasına səbəb olur, amma bu yolda eşitmə qabiliyyətini itirmə kimi ağır nəticələr də olur. Xatırlayır ki, bir dəfə həkim otağında əqli əlillik üçün müraciət formaları qarşısına qoyulub, amma imzalamaqdan imtina edib: “Problemlərlə üzləşsəm də, həmişə işləmişdim. Heç vaxt işsiz qalmamışdım”.

Və o zaman anlayır ki, təhsilini tamamlaması onun üçün doğru yol olacaq.

Mavi cins şalvarla geri dönüş

30 il sonra, Burnett yenidən universitetə qayıdır. Əvvəlcə incəsənət proqramına yazılır, amma bu sahənin onun üçün olmadığını anlayır. Daha sonra öz köklərinə – kənd təsərrüfatına geri dönür. Sinif yoldaşlarından iki onillik böyük olsa da, bütün universitet həyatını yenidən yaşamalı olur: dərslərin seçimi, tapşırıqlar, imtahanlar və s.: “İlk və ya ikinci dərsdə oturanda başa düşdüm ki, mavi cins şalvarım sinifdəki tələbələrdən yaşlıdır”, – zarafatla deyir. Amma zamanla yaş fərqinə görə narahatçılığı aradan qalxır: “Hamı ilə eyni imtahanları, eyni tapşırıqları yerinə yetirirsən”.

Onun müəllimlərindən biri, professor Joshua Nasielski deyir ki, Burnett sinifdə böyük hörmət qazanıb: “O, sinfə enerji və yumor gətirirdi. Tələbələr tez-tez onu sinfin klounu adlandırırdı. Dave real təcrübəsini bölüşməkdən çəkinmirdi. Hətta iştirak etdiyi dərsdə qonaq kimi tələbələrə mühazirə də dedi”.

Təcrübə və dərslər

Burnett ailə həyatı, sağlamlıq problemləri və işi ilə paralel şəkildə illər boyu hər semestr bir neçə kurs alaraq təhsilini davam etdirib. O bildirir ki, tapşırıq barədə düşünmədiyi bir vaxt olmayıb. Qeyd edir ki, illər keçdikcə universitetdə təhsildə faktlara əsaslanmaqdan çox, tənqidi düşüncə ön plana çıxıb və bu, onu ruhlandırıb. Hazırda o, fermerlərlə məsləhətləşmə işi aparır və deyir ki, artıq niyə belə tövsiyələr verdiyini əsaslandıra bilir. Burnett indi biznesini yenidən strukturlaşdırmaq istəyir ki, sevdiklərinə daha çox vaxt ayıra bilsin. Magistr dərəcəsi almaq planında olmasa da, hələlik təqaüdə çıxmaq barədə düşünmür. Deyir ki, həyatdan aldığı ən böyük dərs budur ki, “insanın ehtirasla bağlandığı şeyə geri dönməyindən gözəl yol yoxdur.”

Hannah Kavanagh, CBC

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar