Kanadanın müxtəlif bölgələrində yüzlərlə insan yeni ilin başlanğıcını buz kimi soyuq göl və okean sularına atılaraq qeyd edib.
“Globalnews”un yazdığına görə, Dartmouthda fəaliyyət göstərən və mütəmadi olaraq soyuq suya tullanışlar təşkil edən “Darkside Dippers” qrupunun üzvü və tədbirin təşkilatçısı Koko McNeill bildirib ki, cümə axşamkı tullanış üçün onlayn olaraq 550 nəfər qeydiyyatdan keçib. Bundan əlavə, çox sayda insan sahilə gələrək dostlarını və yaxınlarını alqışlayıb”.
Təşkilatçılar göldə qalın buz qatından böyük düzbucaqlı hissə kəsərək, eyni anda onlarla insanın suya girə bilməsi üçün xüsusi sahə yaradıblar.
Meksikadan Yeni Şotlandiyaya qonaq gələn Alejandra Lopez deyib ki, vətənində buzlu su ilə dolu vanna qəbul etməyi sevir, amma indiyə qədər heç vaxt “qütb tullanışı” etməyib.
“Qərarlarım arasında hər ay fərqli bir şey etmək var idi və buna 2026-cı ilin ilk günündə başladım”, – deyə Lopez yanvarın 1-də Dartmouth şəhərində donmuş Banuk gölündə yüzlərlə insanla birlikdə suya girərkən bildirib.
Onun sözlərinə görə, bu təcrübə çox əyləncəli olub və yeni ilə başlamaq üçün gözəl yol idi. Suya girərkən isə ayaqlarının “yanmağa başladığını” hiss edib: “Çox həyəcanlı idim və özümüzlə fəxr edirəm”. Lopez həmçinin Dartmouthdan olan qaynı Brian Summerhayesi də bu macəraya qoşulmağa razı sala bilib: “Çox-çox soyuq idi. Bilmirəm bunu bir daha edərəm, yay yox, amma artıq arzu siyahımdan sildim”.
Ottavadan olan Laurel Floyd da ilk dəfə bu soyuq tullanışa qatılan cəsur iştirakçılardan olub. O, qızı və kürəkəni ilə birlikdə buzlu gölə girərkən sevinclə qışqırıb: “Çox möhtəşəmdir. Burada əla ab-hava, həyəcanla titrəyən insanlar arasında böyük birlik var. Bir az buzun üzərində gözləməli olduq. Amma suya girəndən sonra sanki təravət gəlir və qəribə bir rahatlıq hissi yaranır”.
Toronto şəhərində isə yüzlərlə insan Ontario gölünün buzlu sularına girərək uşaqlar və gənclər üçün fəaliyyət göstərən “Boost” təşkilatına dəstək verib.
İştirakçılar əvvəlcə rəqs edərək isinib, sonra qış geyimlərini çıxarıb qışqırıq və gülüş səsləri ilə suya qaçıblar.
Tədbirin iştirakçılarından olan Pardeep Singh Nagra bildirib ki, soyuq suya girmək “yeni ilə başlamaq üçün əla üsuldur”. Boks əlcəkləri və çempionluq kəməri ilə suya girən Nagra, “BoxSingh” adlı ianə toplama komandası üçün bu addımı atdığını deyib: “Bu mənim üçün bir günlük soyuqdur, amma dəstək verdiyimiz uşaqlar və gənclər üçün çətinliklər bir gündən daha uzundur”.
Onun sözlərinə görə, bu cür tədbirlər insanların cəmiyyət üçün fərq yaratmağa hazır olduğunu göstərir.
Foto: THhe Canadian Press/Darren Calabrese
