Peel Regional Polisi bildirib ki, 2025-ci ildə Brampton və Mississauga şəhərlərində avtomobil oğurluqları əvvəlki illə müqayisədə 27 faiz azalıb. Polisin açıqladığı statistikaya görə, ötən il bu iki şəhərdə ümumilikdə 5 280 avtomobil oğurluğu qeydə alınıb. Müqayisə üçün, 2024-cü ildə bu rəqəm 7 231 idi.
Son 5 ildə ən çox oğurlanan avtomobil marka və modelləri bunlardır:
Lexus RX — 2 182 oğurluq
Dodge Ram 1500 — 1 640
Honda CR-V — 1 385
Toyota Highlander — 1 381
Ford F-150 — 1 366
Jeep Wrangler — 1 336
Honda Civic — 1 108
Range Rover Sport — 728
Honda Accord — 603
Toyota Tundra — 564
Qeyd edək ki, bölgədə avtomobil oğurluqları 2023-cü ildə rekord həddə çataraq 8 322 hadisə ilə qeydə alınmışdı. Bu isə son iki ildə ümumilikdə 36,5 faiz azalma deməkdir.
Polis bildirir ki, oğurluqların azalmasında bir neçə amil mühüm rol oynayıb. Xüsusilə ixtisaslaşmış polis bölmələrinin fəaliyyəti, təşkilatlanmış cinayət qruplarına qarşı gücləndirilmiş əməliyyatlar və digər hüquq-mühafizə orqanları ilə əməkdaşlıq bu nəticəyə təsir edib.
Bundan əlavə, Ontario Əyalət Polis rəhbərliyi ilə həyata keçirilən “Project Chickadee” əməliyyatı çərçivəsində Ontarioda və Kvebekdə 300-dən çox oğurlanmış avtomobil geri qaytarılıb və 20 nəfər saxlanılıb.
Polis həmçinin qeyd edir ki, sərhəd nəzarətinin gücləndirilməsi, ictimai maarifləndirmə tədbirləri və oğurlanan avtomobillərin daha yüksək faizlə tapılması da müsbət nəticəyə səbəb olub.
Bir vaxtlar bəzi müşahidəçilər tərəfindən “Kanadanın avtomobil oğurluğu paytaxtı” adlandırılan Peel bölgəsində vəziyyətin yaxşılaşmasında əyalət və federal hökumətin dəstəyi, eləcə də Kanada Kral Atlı Polisi və Kanada Sərhəd Xidmətləri Agentliyi ilə əməkdaşlıq da rol oynayıb.
Son illərdə polis qüvvələrinin artırılması da diqqət çəkir. 2025-ci ildə bölgədə 300 polis işə götürülüb, 2026-cı ildə isə əlavə 175 yeni polis əməkdaşının işə götürülməsi planlaşdırılır.