Ontario hökuməti Port Hope yaxınlığında 401-ci avtomobil yolunun genişləndirilməsi planının bir hissəsi olaraq Choate Road üst keçidini və Ganaraska çayı üzərindəki körpünü dəyişdirir. Ontario Nəqliyyat Nazirliyinin məlumatına görə, bu infrastruktur yenilənmələri əyalətin 30 milyard dollarlıq magistral yolların və körpülərin tikintisi, genişləndirilməsi və təmiri planına daxildir.
Ontario Nəqliyyat naziri Prabmeet Sarkaria bildirib ki, Port Hope yaxınlığında bu körpülərin dəyişdirilməsi Ontarionun şərq hissəsi üçün olduqca vacibdir: “Çünki bu, 401-ci yolun genişləndirilməsinə yol açacaq və bu hissədən hər gün istifadə edən 50,000-dən çox sürücünün vaxtına qənaət edəcək”.
Choate Road üst keçidi və Ganaraska çayı körpüsünün əvəzlənməsi ilə yanaşı, County Road 2/Toronto Road ilə Cranberry Road arasındakı 401-ci avtomobil yolunun asfalt örtüyü də yenilənəcək.
Ontario əyalətinin şərqində 401-ci yolun gələcəkdə genişləndirilməsinə uyğun olması üçün artıq 20 körpü dəyişdirilib. Bundan əlavə, daha çox körpünün əvəzlənməsi və kəsişmələrin yenilənməsi üçün planlaşdırma işləri davam edir.
Qeyd edək ki, hər gün 401-ci avtomobil yolundan 10,000 yük maşını istifadə edir və 380 milyon dollar dəyərində yük daşıyır.
Kanada İqtisadi Təhlil Mərkəzinin hesabatına görə, tıxaclar Ontario iqtisadiyyatına hər il 56 milyard dollara qədər zərər vurur.
Foto: CITYNEWS/Kyle Hocking
















