Toronto Universitetində dərs deyən qızı da Marion nənəyə dərs deyəcək
Bu payız 82 yaşlı Marion Gommerman nəvəsi ilə birlikdə Toronto Universitetində təhsil almağa başlayıb. Qeyd edək ki, M.Gommermanın nəvəsi universitetin tələbəsi, qızı isə orada professor kimi dərs deyir.
Marion Gommerman CP24.com-a müsahibəsində ömür boyu davam edən öyrənmə sevgisinin haradan gəldiyini bilmədiyini deyib: “Bu sadəcə öyrənmək, fərqli bir şey öyrənmək, sınamaq və bunun məni hara aparacağını görmək istəyidir”.
“Qızım mənə immunologiyadan dərs deyəcək”
M.Gommerman təxminən 30 il əvvəl McMaster Universitetində yarımçıq qoyduğu bakalavr təhsilini Toronto Universitetində davam etdirəcək. O, 50 yaşlarında bakalavr dərslərinə başlasa da, ailə öhdəlikləri, həyat yoldaşının iş səfərləri və Floridada keçirdiyi vaxt səbəbindən təhsilini davam etdirə bilməyib.
Amma ötən il M.Gommermanın öyrənməyə olan həvəsi Toronto Universitetində iştirak etdiyi unikal bir kursla yenidən baş qaldırıb. “Nəsillərarası sinif” adlanan bu proqramda yaşlılar və bakalavr tələbələri bir araya gələrək “Yaşlanma və Sağlamlıq” adlı kurs keçib: “Çox şey öyrəndim və maraqlı gəldi, daha çox bilmək istədiyimi hiss etdim. Bunun yeganə yolu rəsmi tələbə kimi qeydiyyatdan keçmək idi”.
Xoşbəxtlikdən, kampusda tanıyacağı ən azı bir tələbə var. Nəvəsi Sam Griffin də bu semestr Toronto Universitetində bakalavr təhsilinə başlayıb: “Dərslərin seçimi zamanı nəvəmlə eyni prosesdən keçirdik və buna xeyli gülürdük”.
O, əlavə edib ki, nəvəsi ilə kampusda rastlaşmaq “bir az gülməli” olsa da, “orada nəvəsinin də oxuması çox xoş olacaq”.
M.Gommermanın kampusda tanıyacağı adam təkcə nəvəsi deyil. Qızı, Dr. Jen Gommerman onun immunologiya müəllimi olacaq: “Mən universitetə qeydiyyatdan keçəndə bunu bilmirdim. Sonradan öyrəndim ki, qızım mənim oxuduğum qrupda da immunologiyanı dərsi tədris edəcək”.
“Etmək istədiyim bir şey varsa, oturub düşünmək əvəzinə onu etməliyəm”
M.Gommermanın oxumaq istəyən, amma tərəddüd edənlərə bir məsləhəti var: “Mən deyərdim ki, sadəcə başlayın. Mənim baxış bucağımdan baxanda vaxtım azdır. Əgər etmək istədiyim bir şey varsa, oturub düşünmək əvəzinə onu etməliyəm. Sadəcə başlayın və bundan nə qədər zövq ala biləcəyinizi görün”.
Toronto Universiteti bu qeyri-adi qəbul faktını təsdiqləyib. Bildirilib ki, valideyn–övlad tandemi nadir hal deyil, lakin nənə, övlad və nəvənin eyni anda universitetlə bağlı olmasına demək olar, heç vaxt rast gəlinməyib.
Foto: Sasha Nagy/ Handout
















