Ötən həftəsonu Torontoda bəstəkar və musiqiçi Əliheydər Mirzəbəyovun 60 illik yubileyi münasibətilə musiqi axşamı keçirildi. Fairview Library Theatre səhnəsində baş tutan musiqi axşamı Azərbaycan musiqisevərləri üçün yaddaqalan anlarla zəngin oldu. Tədbirdə “Azerbaijan” Music Band (“Azərbaycan” Musiqi Qrupu) ilə yanaşı, Kanadada fəaliyyət göstərən musiqiçilər – əməkdar artist Həsən Ənami, Yusif Savalan, Xosrov Malik, Turan Aslan, Noşen Ahmadi, Neda Pessian, Leyla Cavanmərdi, Yunis Mustafa, Daria Malek və tar ifaçısı Məhəmməd Amani canlı ifaları ilə çıxış etdilər. Gecə ərzində səsləndirilən mahnıların böyük əksəriyyəti Əliheydər Mirzəbəyovun bəstələri idi.
Tədbirdə iştirak edən Azərbaycan Evinin “Mənim Azərbaycanım” məktəbinin şagirdlərinin rəqs qrupunun çıxışı gecəyə xüsusi ab-hava qatdı.
60 illik yubileyə həsr olunan bu musiqi axşamı Azərbaycan mədəniyyətinin Kanadada yaşadılması baxımından mühüm mədəni hadisə kimi yadda qaldı və iştirakçılara unudulmaz anlar yaşatdı. Qeyd edək ki, tamaşaçılar arasında yalnız güneyli-qüzeyli həmyerlilərimiz deyil, kanadalılar da var idi.
















