Sultanhüseyn Qasımzadə: “Forum Kanadadakı azərbaycanlı tələbələr arasında birliyin möhkəmləndirilməsinə və uzunmüddətli əməkdaşlığa töhfə verməyi hədəfləyir”
Bu ilin aprelində Azərbaycan Kanada Gənclər Federasiyası (Azerbaijani Canadian Youth Federation – ACYF) Kanadada ilk dəfə olaraq “ACYF Youth Forum – 2026” tədbirini keçirməyi planlaşdırır. Bu barədə CanAzerbaijan.com-a təşkilatın təsisçilərindən olan Sultanhüseyn Qasımzadə məlumat verib.
S.Qasımzadənin sözlərinə görə, forum tələbə yönümlü müzakirələr, mentorluq və praktik təşəbbüslər vasitəsilə Kanadadakı azərbaycanlı tələbələr arasında birliyin möhkəmləndirilməsinə və uzunmüddətli əməkdaşlığa töhfə verməyi hədəfləyir: “ACYF-nin əsas məqsədi Kanadada yaşayan azərbaycanlı tələbələrin üzləşdiyi akademik, sosial və peşəkarlıqla bağlı çətinliklərə diqqət yetirmək, onların gələcək inkişaf yollarını daha düzgün formalaşdırmalarına dəstək olmaq və tələbələr arasında əməkdaşlığı gücləndirməkdir”.
Qeyd edək ki, Azərbaycan Kanada Gənclər Federasiyası 2025-ci ilin sonlarında Kanadanın müxtəlif bölgələrində təhsil alan azərbaycanlı kollec və universitet tələbələrini bir araya gətirmək məqsədilə yaradılıb.
ACYF Sultanhüseyn Qasımzadə, Nurlana Əlili, Aysel Osmanova və Natiq Həsənli tərəfindən təsis edilib. S.Qasımzadənin sözlərinə görə, İcra heyətinin bütün üzvləri daha öncə müxtəlif Azərbaycan icmalarında və gənclər təşkilatlarında fəal iştirak edib, Kanadada təhsil alan tələbələr üçün vahid milli platformanın formalaşmasına töhfə verib.
“ACYF Youth Forum 2026” haqqında ətraflı məlumat almaq üçün Instagram səhifələrini – @azcanfederationizləyə bilərsiniz.
















