Avtomobili qardan təmizləməmək inzibati məsuliyyət yaradır. Ontario Əyalət Polisi (OPP) sürücülərə xəbərdarlıq edir ki, avtomobildən qopan buz və ya qar parçaları ölümcül nəticələr doğura bilər. Belə hallar sürücünün səhlənkarlığı kimi qiymətləndirilir və müvafiq ittihamlarla nəticələnir.
Şüşələri təmizləmək üçün sərf olunan bir neçə dəqiqə sürücüləri təkcə cərimə və protokollardan deyil, daha ağır hüquqi məsuliyyətdən də qoruyur.
OPP-nin müvəqqəti serjantı Martin Tibo bildirib ki, magistral yolda hərəkət zamanı avtomobilin damında və ya kapotunda yığılan buz və qar küləyin təsiri ilə qopa, qəza törədə və insanların xəsarət almasına, hətta həyatını itirməsinə səbəb ola bilər.
M.Tibo əlavə edib ki, daha yüngül hallarda sürücülərə cərimə və protokollar tətbiq olunacaq: “İnanın ya inanmayın, avtomobilin üzərində qar varsa, bu, yük sayılır və təmizlənmədiyi halda təminatsız (bərkidilməmiş) yük hesab olunur. Bu hallarda müxtəlif cərimələr tətbiq oluna bilər. Görmənin məhdudlaşdırılması səbəb kimi tətbiq edilən cərimələrdən biridir. Daha ciddi pozuntular da tətbiq oluna bilər. Hətta səhlənkar sürücü ittihamı ilə üzləşə bilərsiniz. Əgər qar və ya buzu təmizləməməyiniz nəticəsində qəza baş verərsə, əlavə ittihamlar da irəli sürüləcək”.
M.Tibo sürücülərə avtomobildə mütləq qar fırçası saxlamağı və Yol Hərəkəti Qanununa uyğun olaraq bütün buz və qarı, o cümlədən işıqları və nömrə nişanlarını tam şəkildə təmizləməyi tövsiyə edib.
Yol Hərəkəti Aktına görə, avtomobilin, yaxud avtomobil tərəfindən çəkilən nəqliyyat vasitəsi və ya qoşqu üzərində qar və ya buz yığıldığı halda magistral yolda avtomobil idarə edilməməlidir. Əks halda, qar və ya buzun düşməsi yolda olan digər nəqliyyat vasitələri üçün təhlükə yarada bilər. Bu qanunu pozan hər bir şəxs hüquq pozuntusunda təqsirli sayılır və məhkəmə qərarı ilə ən azı 50 dollar, ən çoxu 500 dollar məbləğində cərimə oluna bilər.
Kommersiya nəqliyyat vasitəsini idarə edərkən sözügedən maddəni pozan hər bir şəxs məhkəmə qərarı ilə ən azı 100 dollar, ən çoxu 1000 dollar məbləğində cərimə oluna bilər.
Foto: Ivanoh Demers/Radio-Canada
















