Ripley’s Aquarium of Canada Torontonun ən məşhur turistik məkanlarından biridir və ziyarətçilərə sualtı aləmin möcüzəvi dünyasını yaxından tanımaq imkanı yaradır. Akvarium ailələr, uşaqlar və dəniz canlılarına marağı olan hər kəs üçün ideal məkandır. Akvariumda nələri görmək olar?
Ripley’s Aquarium ziyarətçilərə 9 fərqli tematik zalda dünyanın müxtəlif bölgələrindən gətirilmiş 20 mindən çox dəniz və şirin su canlısını təqdim edir. Akvarium 12,500 m2 ərazini əhatə edir.
Ən məşhur bölmələr:
- Dangerous Lagoon (Təhlükəli Laqun): Şimali Amerikanın ən uzun sualtı tunellərindən biridir. Burada köpəkbalıqları, dəniz tısbağaları və skat balıqları başınızın üzərindən üzür.
- Canadian Waters: Kanadanın göl və çaylarında yaşayan canlılar.
- Rainbow Reef: Rəngarəng tropik balıqlar və mərcan rifləri.
- Planet Jellies: Meduzalara həsr olunmuş möhtəşəm sərgi.
- Ray Bay: Skat balıqlarını yaxından görmək və bəzən onlara toxunmaq imkanı.
Bundan əlavə, interaktiv ekranlar, toxunma hovuzları və maarifləndirici təqdimatlar da mövcuddur. Hətta bəzi balıqların yemləndirilməsini canlı izləyə bilirsiniz.
Akvariumda 5,7 milyon litrdən çox su istifadı olunur
Akvariumda köpəkbalıqları, skatlar, meduzalar, tropik və şirin su balıqları, dəniz tısbağaları və digər su canlıları yaşayır. Ümumilikdə akvariumda 5,7 milyon litrdən çox su istifadə olunur və bütün mühit canlıların təbii yaşayış şəraitinə uyğun qurulub.
20 min heyvanın yaşadığı akvarium 12,500 m2 ərazini əhatə edir.
Uşaqlı ailələr üçün ideal məkan
Akvarium uşaqlı ailələr üçün həm əyləncəli, həm də maarifləndirici bir məkandır. Burada uşaqlar sualtı aləmi yaxından tanıyır, dəniz canlıları haqqında maraqlı məlumatlar öyrənir və interaktiv fəaliyyətlərdə iştirak edirlər. Uşaqların oynaması üçün xüsusi zona da var. Burada uşaqlar onlar üçün hazırlanmış əyləncəli məkanlarda oynaya bilərlər.
Uşaqlar üçün üstünlüklər:
Toxunma hovuzları: Skat balıqlarına və digər zərərsiz dəniz canlılarına toxunmaq imkanı;
İnteraktiv ekranlar: Uşaqlar üçün sadə və maraqlı izahlarla təqdim olunan məlumatlar;
Rəngarəng və işıqlı zallar: Xüsusilə meduzalar və tropik balıqlar uşaqların böyük marağına səbəb olur;
Uşaq arabası üçün əlverişli mühit: Akvarium uşaq arabaları üçün tam uyğundur;
Məkan və iş saatları
Ripley’s Aquarium of Canada Toronto şəhərinin mərkəzində, məşhur CN Tower-in yanında yerləşir.
Ünvan: 288 Bremner Boulevard, Toronto, Ontario, Kanada
Akvarium ilin bütün günləri adətən 09:00 – 21:00 arasında açıq olur. Bayram günləri və yay mövsümündə saatlar dəyişə bilər.
Bilet qiymətləri
Bilet qiymətləri yaş qruplarına görə dəyişir:
Böyüklər (14–64 yaş): 46-50$
Uşaqlar (6–13 yaş) və yaşlılar (65+): 33$
Uşaqlar (3–5 yaş): 15$
3 yaşdan kiçik uşaqlar: Pulsuz
Ziyarət üçün məsləhətlər
Akvariumu rahat gəzmək üçün təxminən 3-4 saat vaxt ayırmaq tövsiyə olunur.
Daha az sıxlıq üçün səhər saatlarını və ya axşam vaxtlarını seçin. Bileti əvvəlcədən onlayn almaq həm vaxta, həm də növbələrə qənaət edir.