Mütəşəkkil cinayətkar qruplara məlumat sızdırmaqda ittiham edilənlər arasında təcrübəli polis əməkdaşları da var. York Regionu Polis İdarəsinin apardığı genişmiqyaslı korrupsiya araşdırması nəticəsində mütəşəkkil cinayətkarlığa kömək etməkdə ittiham olunan Toronto Polis Xidmətinin yeddi aktiv əməkdaşı və bir təqaüdə çıxmış polis həbs edilib.
Toronto Polis Xidməti polis strukturunda nəzarət və məlumat sistemlərinə çıxış kimi məsələlərin araşdırılması üçün əyalətin polis üzrə baş müfəttişinə müraciət edib.
Toronto polis rəisi Mayron Demkiv aktiv əməkdaşlardan azı dördü üçün vəzifədən maaşsız kənarlaşdırma tələb etdiyini deyib.
Kokain alverində iştirak
56 yaşlı Konstabl Timoti Barnhardt ən çox ittihamla üz-üzədir. York Region Polis Xidmətinin rəis müavini Rayan Hoqan T.Barnhardtı istintaqın “başlanğıc nöqtəsi” adlandırıb. Polis iddia edir ki, T.Barnhardt məxfi məlumatları cinayətkarlara ötürərək hədəfli atışların həyata keçirilməsinə kömək edib. O, həmçinin qanunsuz kannabis satış məntəqələrini polis araşdırmasından qorumaq üçün rüşvət almaqda və kokain alverində iştirak etməkdə ittiham olunur. O, cümə axşamı Toronto məhkəməsinə çıxarılıb və zaminlik iclası cümə gününə təxirə salınıb. O, hazırda həbsdədir.
“Sunshine List” məlumatına görə, Barnhardt 2024-cü ildə Toronto polisi kimi 131 min dollar qazanıb. Məhkəmə sənədlərinə əsasən, onun Toronto polisində təxminən 20 illik təcrübəsi var.
Kannabis satış məntəqəsini qorumaq
42 yaşlı Serjant Robert Blək qanunsuz kannabis satış məntəqələrini qorumaq üçün rüşvət almaqda və kokain alverində iştirak etməkdə ittiham olunur.
“Sunshine List”ə görə, Blək 2024-cü ildə 153 min dollar qazanıb. O, 2022-ci ildə serjant rütbəsinə yüksəlib.
Qadağan olunmuş silah saxlama
55 yaşlı Con Madeley Sr. təqaüddə olan polis əməkdaşıdır. O, mütəşəkkil cinayətkarlıqla əlaqəli qanunsuz oyun və mərc fəaliyyəti üzrə aparılan şantaj istintaqı çərçivəsində ittiham olunur. Ona məxfi məlumatlara qanunsuz çıxış və onların yayılması ittihamları irəli sürülüb.
Berri sakini C.Madeley vəzifə səlahiyyətlərindən sui-istifadə və qadağan olunmuş silah saxlama daxil olmaqla 11 maddə üzrə ittiham olunur. O, zaminlə azadlığa buraxılıb və 20 fevralda yenidən məhkəməyə çıxacaq.
Onun oğlu, Konstabl Con Madeley Jr. də ittiham olunur.
C.Madeley 2025-ci ilin aprelində Toronto Polis Xidmətindən təqaüdə çıxıb.
Rüşvət almaqda iştirak
29 yaşlı Konstabl Con Madeley Jr., Con Madeley Sr.-in oğludur. O, məxfi məlumatlara qanunsuz çıxış və onların yayılmasında ittiham olunur. “Sunshine List”ə görə, o, 2024-cü ildə 116 min dollar qazanıb.
49 yaşlı Serjant Karl Qrellett qanunsuz kannabis satış məntəqələrini qorumaq üçün rüşvət almaqda ittiham olunur. 2024-cü ildə onun gəliri 163 min dollar olub.
38 yaşlı Serjant Saurabjit Bedi qanunsuz kannabis satış məntəqələrini qorumaq üçün rüşvət almaqda və kokain alverində iştirak etməkdə ittiham olunur. 2024-cü ildə onun gəliri 162 min dollar olub.
Foto:BBC
















