Böyük Britaniya Kralı III Çarlz Ağ Evdə keçirilən dövlət ziyafətində çıxışı zamanı Donald Trampla zarafat edib.
Dünən 77 yaşlı Çarlz və kraliça Kamilla Vaşinqtonda prezidentin ev sahibliyi etdiyi tədbirdə Tramp və birinci xanım Melaniya ilə birlikdə iştirak ediblər. Kral ABŞ-ın müstəmləkə keçmişi ilə bağlı zarafat etməyi unutmayıb.
III Çarlz prezidentə və tədbir iştirakçılarına belə deyib: “Cənab Prezident, siz yaxın zamanda qeyd etdiniz ki, əgər ABŞ olmasaydı, Avropa ölkələri alman dilində danışardı. Deməyə cəsarət edirəm ki, əgər biz olmasaydıq, siz fransızca danışardınız…!”.
Kral bu sözləri Trampın yanvar ayında Dünya İqtisadi Forumu çərçivəsində Almaniya və İkinci Dünya Müharibəsi barədə səsləndirdiyi fikirlərinə cavab olaraq bildirib. D.Tramp həmin çıxışında bildirmişdi ki, ABŞ-ın İkinci Dünya Müharibəsindəki rolu olmasaydı, “siz alman və bir az da yapon dilində danışardınız”.
Kral həmçinin, Ağ Evin yenidən qurulması ilə bağlı da zarafat edərək, Britaniyanın da 200 ildən çox əvvəl onu yenidən dizayn etməyə cəhd etdiyini iddia edib. O, 1814-cü ildə Britaniya qoşunlarının Vaşinqtonu ələ keçirdiyi və Ağ Ev də daxil olmaqla bir neçə hökumət binasını yandırdığı İngiltərə-Amerika müharibəsinə işarə vurub.
Foto: Politico