ABŞ federal hüquq-mühafizə orqanları cümə günü Kanada vətəndaşları 22 yaşlı Malik Bromfield, 22 yaşlı Kamal Salman və 25 yaşlı Faizan Alinin saxlanıldığını açıqlayıb.
Rəsmilərin sözlərinə görə, bu şəxslər “qısa lüləli tüfənglər və oğurlanmış silahlar da daxil olmaqla 80-dən çox silahı ölkədən çıxararaq qaçaqmalçılıq yolu ilə Kanadaya aparmağa çalışarkən yaxalanıblar”.
Silahlardan 17-si oğurlanmış kimi qeydiyyatda olub.
Hər üç şəxs ABŞ-dan qaçaqmalçılıq, lisenziyasız silah alveri, oğurlanmış silahların daşınması və qanunsuz silah saxlama maddələri ilə ittiham olunub. M.Bromfield əlavə olaraq əcnəbi şəxs kimi qanunsuz silah saxlama ittihamı ilə də üzləşir.
Onlar təqsirli bilinərsə, 30 ildən çox həbs cəzası ala bilərlər.
Hamilton polisi bildirib ki, Faizan Ali 2024-cü ilin iyulunda 2021-ci ildə baş vermiş ölümcül motosiklet qəzasına görə məhkum olunub. O, hökm oxunmazdan əvvəl sərbəst buraxılıb, lakin növbəti məhkəmə iclasına gəlməyib və həmin vaxtdan etibarən axtarışdadır.