Kanada Ali Məhkəməsinin yeni qərarına görə, artıq məişət və yaxın münasibətlərdə zorakılıq ayrıca hüquqi pozuntu kimi qəbul olunur. Bu o deməkdir ki, zorakılq qurbanları artıq yalnız cinayət işi açmaq deyil, həm də maddi kompensasiya ilə nəticələnə biləcək mülki iddia qaldıra biləcəklər. Mütəxəssislərin sözlərinə görə, bu, onların yenidən ayağa qalxmasına kömək edə bilər.
Yeni qəbul edilən hüquqi mexanizm həm də məişət zorakılığının yalnız fiziki və ya seksual zorakılıqdan ibarət olmadığını qəbul edir. Məcburetmə, manipulyasiya, alçaltma, təcrid etmə, emosional və psixoloji zorakılıq da artıq məişət zorakılığı sayılacaq.
Ali Məhkəmənin bu qərarı maliyyə çətinliklərinə görə münasibətlərini sonlandıra bilməyən insanlara əlavə dəstək olacaq.
Ali Məhkəmənin hakimi Nikolas Kasirer qərarda qeyd edib ki, qurban məhkəmədə partnyorunun bilərəkdən zorakı davranış nümayiş etdirdiyini və bunun “məcburedici nəzarət” xarakteri daşıdığını sübut etməlidir.
















