Kanadanın Saskatçevan əyalətinin Recayna şəhərində yaşayan həmyerlimiz Rəna Fərəcova “Regina 25” mükafatının qalibi seçilib.
“Regina 25” Recayna şəhərinin inkişafına töhfə verən, liderlik keyfiyyətləri, fəallığı və icmaya təsiri ilə seçilən 25 nəfəri tanıdan xüsusi proqramdır. Layihə şəhərin işgüzar, təşəbbüskar və cəmiyyətə fayda verən insanlarını ön plana çıxarmağı hədəfləyir. Burada liderlər, novatorlar, icma qurucuları, mentorlar və şəhərə yeni gələnlər qiymətləndirilir.
Proqram Recayna İqtisadi İnkişaf (EDR) təşkilatı tərəfindən təşkil olunur və yerli tərəfdaşlar və sponsorların dəstəyi ilə həyata keçirilir. Namizədlər bir neçə həftə ərzində xüsusi münsiflər heyəti tərəfindən vahid qiymətləndirmə sistemi əsasında araşdırılır və seçim prosesi aparılır.
Qeyd edək ki, Recayna Azərbaycan Mədəniyyət Assosiasiyasının İdarə Heyətinin üzvü olan Rəna Fərəcova “Quick Studies” nominasiyası üzrə qalib seçilib. Bu nominasiya son 5 il ərzində Recayna şəhərinə köçərək qısa müddətdə həm iş mühitində, həm də icma həyatında iz qoyan şəxslərə təqdim olunur. Kateqoriya başqa şəhərdən, əyalətdən və ya ölkədən Recaynaya köçərək şəhərin inkişafına töhfə verən insanları əhatə edir.
Ümumilikdə 5 nominasiya üzrə qaliblər müəyyənləşdirilib və həmyerlimiz də həmin qaliblər sırasında yer alıb.
Mükafat təqdimetmə mərasimində şəhərdə olmadığı üçün mükafatı onun adından dostu qəbul edib.