Dr. Andryu Buzari Torontonun mərkəzində yerləşən xəstəxana parkinqini evsiz insanlar üçün nəzərdə tutulmuş 51 mənzilli dəstəkli yaşayış layihəsinə – “Dunn House”a çevirdiyi üçün bu il Kanada General-Qubernatorunun İnnovasiya Mükafatına layiq görülüb.
“University Health Network”də sosial tibb şöbəsinin rəhbəri olan A.Buzari müşahidə edib ki, bir çox pasiyentlərin yaşamağa yeri olmadığı üçün tez-tez təcili tibbi yardım şöbələrinə müraciət edirlər. Əslində heç bir şikayətləri olmasa da, özlərindən haralarınınsa ağrıdığını uyduraraq təcili tibbi yardımda bir neçə saat qalmaq şansı qazanırlar.
Bundan sonra A.Buzari belə bir layihəyə start vermək qərarı alır. Onun rəhbərlik etdiyi və xəstəxana tərəfindən həyata keçirilən bu yaşayış təşəbbüsü Kanadada ilk layihə hesab olunur. Layihə sakinlərə həm sabit yaşayış yeri, həm də müxtəlif dəstək xidmətləri təqdim edir.
Qeyd edək ki, Dr. Buzari Toronto və Kolumbia universitetlərində dərs deyir, “Harvard Public Health Review” jurnalının təsisçisidir və aparıcı elmi jurnallarda və mediada məqalələrlə çıxış edir.