Polis Nik Milonoviç: “Bu, ailə həkiminin beyin əməliyyatı aparmasına bənzəyir”
Təxminən 30 ilə yaxın müddətdə Kanada Hava Yollarında (Air Canadada) çalışan keçmiş pilot, ixtisasını saxta sənədlərlə təqdim edərək qanuni olaraq idarə etməyə icazəsi olmadığı təyyarələrdə on minlərlə sərnişin daşıdığı iddiası ilə bir neçə cinayət ittihamı ilə üzləşib.
“Bu, film ssenarisini xatırladır”
Peel Regional Polis Xidmətinin rəis müavini Nik Milonoviç mətbuat konfransında bildirib ki, istintaqın detalları “film ssenarisini xatırladır”.
59 yaşlı, Barrie şəhər sakini Geoffrey Wall (Geofri Vall) 27 il Kanada Hava Yollarında çalışıb və 2025-ci ilin əvvəlində təqaüdə çıxıb. Həmin il Kanada Nəqliyyat Nazirliyi onun peşəkar kvalifikasiyaları ilə bağlı araşdırmaya başlayıb.
Detektiv-serjant Çad Mişel jurnalistlərə bildirib ki, kapitan kimi təqsirləndirilən şəxs uçuş zamanı təyyarənin idarə olunması və təhlükəsizliyinə görə son məsul şəxs hesab olunurdu.
G.Vall 1998-ci ildə ikinci pilot kimi işə başlayıb və 2009-cu ildə kapitan vəzifəsinə yüksəlib.
Polisin iddiasına görə, o, saxtalaşdırılmış lisenziya ilə təxminən 900 daxili və beynəlxalq uçuş həyata keçirib və bu müddətdə milyonlarla dollar əməkhaqqı qazanıb.
Saxta sənədlər necə aşkarlandı?
Müstəntiqlərin sözlərinə görə, saxta sənədlər ilk dəfə 2025-ci ilin mart ayında Ontarionun Mississauqa şəhərində yerləşən Toronto Pearson Beynəlxalq Aereport hava limanının 1-ci terminalında keçirilən adi əməliyyat yoxlaması zamanı üzə çıxıb.
Pilotun təqdim etdiyi lisenziya sənədlərində uyğunsuzluqlar aşkar edilib və bundan sonra Nəqliyyat Nazirliyi tərəfindən tənzimləyici araşdırma başlanıb. Sonradan məsələ cinayət istintaqına çevrilib.
Peel polisi 2026-cı ilin yanvarında Nəqliyyat Nazirliyinin əldə etdiyi nəticələri aldıqdan sonra öz araşdırmasına başlayıb.
Tələb olunan ən yüksək pilot lisenziyasını heç vaxt almayıb
Araşdırma zamanı məlum olub ki, G.Vall kommersiya pilotu olmaq üçün müəyyən kvalifikasiyalara malik olsa da, heç vaxt sərnişin təyyarələrinin kapitanları üçün məcburi olan Hava Yolları Piloti lisenziyasını (ATPL(A)) əldə etməyib.
Bu lisenziya Kanada aviaşirkətlərində istifadə olunan iri sərnişin təyyarələrini idarə etmək üçün tələb olunur. G.Vall isə Boeing 767, 777 və 787 təyyarələrini idarə edib.
Polisin bildirdiyinə görə, o, saxta sənədləri gizlətmək məqsədilə hətta polisə yalan məlumat da təqdim edib.
Keçmiş pilot aşağıdakı ittihamlarla üzləşib:
- 5 min dollardan artıq məbləğdə dələduzluq;
- Saxta sənədlərdən istifadə;
- Saxta nişan və sənədlərə sahib olma;
- İctimaiyyəti çaşdırma (public mischief).
Onun iyunun 29-da Brampton məhkəməsində hakim qarşısına çıxacağı gözlənilir.
Air Canada: “Təhlükəsizlik riskə atılmayıb”
Bazar ertəsi yayımladığı açıqlamada Kanada Hava Yolları Şirkəti bildirib ki, hadisə nəticəsində uçuş təhlükəsizliyi təhlükə altına düşməyib. Şirkətin sözlərinə görə, bütün pilotlar hər altı aydan bir məcburi təkrar hazırlıq proqramlarından keçir və hər il Nəqliyyat Nazirliyi tərəfindən təsdiqlənmiş yoxlayıcı pilotun iştirakı ilə peşəkar bacarıqları yoxlanılır.
Air Canada qeyd edib ki, G.Vall etibarlı kommersiya pilotu lisenziyasına malik olub və bütün peşəkar yoxlamalardan uğurla keçərək böyük təyyarələri təhlükəsiz idarə etmək qabiliyyətini nümayiş etdirib.
Bununla belə, şirkət onun iri sərnişin təyyarələrinin kapitanları üçün məcburi olan ATPL lisenziyasına sahib olmadığını da təsdiqləyib.
Polis: “Bu, ailə həkiminin beyin əməliyyatı aparmasına bənzəyir”
Sərnişinlərin təhlükəsizliyinin risk altında olub-olmaması barədə suala cavab verən rəis müavini N.Milonoviç bildirib ki, lisenziyalaşdırma tələbləri təsadüfi deyil: “Mən Kanada Hava Yollarının açıqlamasını gördüm və ona münasibət bildirmək istəmirəm. Sadə dillə desək, bu, ailə həkimi kimi fəaliyyət göstərmək üçün lisenziyası olan bir şəxsin öz kabinetində beyin əməliyyatı aparmasına bənzəyir. Qaydalar və lisenziya tələbləri insanların təhlükəsizliyini qorumaq üçün mövcuddur. İnsan öz kvalifikasiyalarını saxtalaşdırdıqda, bu mənim üçün təhlükəsizlik məsələsidir”.
Peel Polis Xidmətləri Şurasının sədri Nando Iannika isə bildirib ki, peşəkar kvalifikasiyalar və sertifikatlar ictimaiyyətin qurumlara və mütəxəssislərə olan etimadının əsasını təşkil edir: “Bu işdə irəli sürülən iddialar ictimaiyyəti qorumaq üçün yaradılmış sistemləri bilərəkdən aldatmaq cəhdini göstərir. Belə hallarda məsuliyyət qaçılmazdır”.
Polisin məlumatına görə, G.Vallun Air Canadadakı karyerası 2025-ci ildə başa çatıb.