Yay mövsümündə təbiətə üz tutan kanadalılara gənə dişləmələri ilə bağlı yalnız Laym xəstəliyi deyil, başqa ciddi təhlükə barədə də xəbərdarlıq edilir. Səhiyyə mütəxəssisləri bildirirlər ki, Kanadada anaplazmoz adlı gənə mənşəli xəstəlik halları sürətlə artır.
Bu barədə narahatlıqlar Canadian Medical Association Journal (CMAJ) jurnalında dərc olunan məqalədə yer alıb. Mütəxəssislər anaplazmozu Kanadada gənələrin yaydığı ikinci ən geniş yayılmış xəstəlik adlandırırlar.
Araşdırmaçılar qeyd edirlər ki, həm Laym xəstəliyini, həm də anaplazmozu yayan qaraayaqlı gənələr (blacklegged ticks) artıq Kanadanın bir çox əyalətinə yayılıb. Məqalədə ölkə üzrə anaplazmoz hallarının ümumi sayı açıqlanmasa da, xəstəliyin artdığı vurğulanır.
Anaplazmozun əlamətləri hansılardır?
Mütəxəssislərin sözlərinə görə, əsas simptomlar bunlardır:
- Qızdırma
- Gücsüzlük və halsızlıq
- Baş ağrısı
- Mədə-bağırsaq problemləri (ürəkbulanma, qusma və s.)
Ağır hallarda xəstəlik aşağıdakı ciddi fəsadlara səbəb ola bilər:
- Ürək əzələsinin iltihabı (miokardit)
- Beyin iltihabı (ensefalit)
- Kəskin tənəffüs çatışmazlığı
- Kəskin böyrək çatışmazlığı
Mütəxəssislər bildirirlər ki, bu ağırlaşmalar nisbətən nadir hallarda baş verir və ölüm halları çox az müşahidə olunur.
Həkimlər vurğulayırlar ki, xəstəliyin erkən aşkarlanması və vaxtında müalicəyə başlanması həyati təhlükə yaradan ağırlaşmaların qarşısını ala bilər.
Kimlər daha çox risk altındadır?
Mütəxəssislərin fikrincə, aşağıdakı şəxslər gənə dişləməsinə daha çox məruz qala bilərlər:
- Maral olan ərazilərdə yaşayan və ya tez-tez olanlar
- Ev heyvanları saxlayanlar
- Gənələrdən qoruyucu vasitələrdən istifadə etməyənlər
- DEET tərkibli həşərat əleyhinə vasitələrdən istifadə etməyənlər
- Qapalı və qoruyucu geyim geyinməyənlər
Yay aylarında meşəlik və otlu ərazilərə gedərkən qoruyucu tədbirlərə riayət etmək, gəzintidən sonra bədəni və geyimləri diqqətlə yoxlamaq tövsiyə olunur.
Foto: Canva