[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Onlayn kirayə fırıldağı: 17 ailə evsiz qaldı, zərər 60 min dolları keçdi

Ontario əyalətinin Brampton şəhərində yaşayan 27 yaşlı Savrit Kaur kirayənişinləri aldadaraq 60 min dollardan çox vəsaiti mənimsədiyi üçün 40-a yaxın cinayət ittihamı ilə üzləşib.

Pil Regional Polisi bildirir ki, S.Kaur 2025-ci ilin mayından 2026-cı ilin fevralına qədər müxtəlif sosial media platformalarında zirzəmi mənzilləri də daxil olmaqla kirayə evlərin  elanını yerləşdirib.

İstintaqın məlumatına görə, kirayə qalmaq istəyənlər müqavilə imzalayıb ilk və son ayın kirayə haqqını depozit kimi ödəyiblər. Lakin əşyaları ilə birlikdə mənzilə köçmək üçün gəldikdə, həmin evlərin onlar üçün mövcud olmadığını görüblər.

Polisin bildirdiyinə görə, bir çox zərərçəkən əvvəlki yaşayış yerini təhvil verib köçdükdən sonra aldadıldıqlarını anlayıblar.

Hazırda polis 17 belə hadisə müəyyən edib və ümumi maddi ziyanın 60 min dolları keçdiyini bildirib. Polisin yaydığı açıqlamada deyilir: “Zərərçəkənlərin heç biri vəd edilən yaşayış yerini əldə etməyib və ödədikləri pul da onlara geri qaytarılmayıb”.

Bu il iyulun 13-də S. Kaur saxlanılıb. Ona qarşı 5 min dollardan artıq məbləğdə 38 dələduzluq ittihamı, polisin işinə mane olmaqla bağlı 1 ittiham irəli sürülüb. Bu ittihamlar hələlik məhkəmədə sübuta yetirilməyib. Şübhəli girov (zaminlik) məhkəməsi keçirilənədək nəzarətdə saxlanılıb. İstintaq davam edir.

Polisdən kirayə ev tutmaq istəyənlərə xəbərdarlıq

Pil Regional Polisi vətəndaşlara sosial media vasitəsilə kirayə ev axtararkən ehtiyatlı olmağı tövsiyə edir. Polis həmçinin dələduzluqdan qorunmaqla bağlı daha ətraflı məlumat almaq üçün insanlara Kanadanın Dələduzluqla Mübarizə Mərkəzinin (Canadian Anti-Fraud Centre) resurslarından istifadə etməyi məsləhət görür.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp