[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Kanadanın hazırkı ən yaşlı insanı uzunömürlülüyün sirrini açıqladı: “Hamını sevin”

Mari həm Birinci, həm də İkinci Dünya müharibələrini, eləcə də Böyük Depressiyanı (1929–1939-cu illərdə dünyanı bürüyən ən ağır iqtisadi böhran) yaşamış nadir insanlardandır. “CTV News”un müxbiri Omar Saçedina 110 yaşlı Mari Roza ilə Torontodakı The Village of Humber Heights qocalar evində keçirilən xüsusi tədbirdə görüşüb.

Qocalar evində hamı bilir ki, ora köçənlərin çoxu uzun müddət yaşamır. Amma 110 yaşlı Mari Roza həyatının hər anının dəyərini bildiyi üçün bu xüsusi bayramda iştirak etmək üçün bütün gücünü toplayıb.

Mari 17 sentyabr 1915-ci ildə – Kanada qadınlarının hələ səsvermə hüququ olmadığı bir dövrdə dünyaya gəlib. O, Birinci Dünya müharibəsini yaşayıb, İkinci Dünya müharibəsi zamanı isə tikişçi və istehsalat rəhbəri kimi çalışıb.

Yeniyetməlik illəri isə bütün dünyanı sarsıdan Böyük Depressiya dövrünə təsadüf edib. Qızı Keti Sinisalonun sözlərinə görə, həmin çətin illər anasına çox vacib bir həyat dərsi öyrədib: “Heç nəyi israf etməzdi. Məsələn, yağı kağızdan belə sıyırıb istifadə edərdi, onu kağızla birlikdə atmazdı”.

17 baş nazir və 3 dəfə COVID-ə yaxalanmaq…

Mari Roza ömrü boyu Kanadada 17 baş nazirin fəaliyyətinə şahid olub, üç dəfə COVID-19 keçirib və çoxlu yaxınlarını itirib.

Bu ilin mayında onun eyni qocalar evində yaşayan bacısı Virciniya Del Brokko da 103 yaşında vəfat edib. Bütün bu itkilərə baxmayaraq, Mari həyat sevincini itirməyib. İndi az danışsa da, parlaq baxışları ilə hisslərini ifadə edə bilir.

Sükan arxasında olmaq ona azadlıq hissi verirdi

Qızı xatırlayır ki, anası əvvəlcə atasını poçta işə aparar, sonra isə birlikdə qohumları ziyarət edərdilər.

“Maşın sürməyi çox sevirdin, elə deyilmi?”, – deyə qızı anasından soruşur.

Mari isə gülümsəyərək başı ilə təsdiqləyir.

Dəbə sevgisi heç vaxt bitməyib

Mari çox paltar almasa da, modanı həmişə sevib. Bu gün də gözəl görünmək onun üçün vacibdir. Müxbirimiz onu ziyarət etdiyi gün Mari xüsusi tədbir üçün saçını düzəltdirirdi. Həmin tədbirdə Mari Roza rəsmi olaraq Kanadanın ən yaşlı yaşayan insanı elan olunub. Mərasim zamanı ona əvvəl bu titulu daşıyan, bu ilin aprelində 110 yaşında vəfat edən Burdett Sislerin ailəsinin hazırladığı xüsusi tac təqdim olunub.

Burdun oğlu bildirib ki, atası ilə Mari eyni həyat prinsipini bölüşürdülər: “Onlar hətta əyilmiş mismarları düzəldib yenidən istifadə edirdilər. Heç nəyi israf etmirdilər”.

110 illik ömrün sirri

Bəs Mari Rozanın uzun ömür sürməsinin sirri nədir?

Qızı tərəddüd etmədən cavab verir: “Anam həmişə deyir ki, hamını sevmək lazımdır. Hər kəsi sevin. Hər insan dəyərlidir. Sən hamını sevsən, onlar da səni sevəcəklər”.

Elə görünür ki, Mari Rozanı 110 yaşına qədər yaşadan ən böyük sirr də məhz sevgi, ailə dəyərləri və hər anın qədrini bilmək olub.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp