Daniell Smiz: “Vergi ödəyicisi olmayan bir insanın illərlə əyalətdən kənarda yaşayıb, diz əməliyyatına ehtiyacı yarandıqda, geri qayıdıb bunun pulunu Alberta vergi ödəyicilərinə ödətdirməsini istəməzsiniz”
Alberta baş naziri Daniell Smiz təsdiqləyib ki, əyalətin tibbi sığorta kartlarına artıq son istifadə tarixi əlavə olunur.
D.Smiz şənbə günü əyalətin radio proqramı “Your Province, Your Premier” (“Sənin əyalətin, sənin nazirin”) verilişində çıxış edərkən, sürücülük vəsiqəsi ilə tibbi sığorta kartının birləşdirilməsindən sonra bəzi Albertalıların narahatlıqlarına cavab verib.
D.Smiz deyib: “Bəli, tibbi sığorta kartlarına son istifadə tarixi qoyuruq”. Onun sözlərinə görə, bu, əyalətin Baş Auditorunun hökumətdən artıq bir müddətdir tələb etdiyi tədbirlərdən biridir. D.Smiz bildirib ki, hazırda Alberta əhalisinin sayından 500 min daha çox tibbi sığorta kartı mövcuddur. Baş Auditor isə bunun fırıldaqçılıq ehtimalı baxımından ciddi narahatlıq yaratdığını düşünür.
D.Smiz belə izah edib: “Alberta vergi ödəyicisi olmayan bir insanın illərlə əyalətdən kənarda yaşamasını, sonra diz əməliyyatına ehtiyacı yarandıqda, geri qayıdıb bunun pulunu Alberta vergi ödəyicilərinə ödətdirməsini istəməzsiniz”.
O əlavə edib ki, sistem belə işləməməlidir. Tibbi xidmətlərdən istifadə etmək üçün insanın hazırda Alberta sakini və vergi ödəyicisi olması tələb olunur.
D.Smiz bildirib ki, tibbi sığorta kartının son istifadə tarixi sürücülük vəsiqəsinin, sürücülük vəsiqəsi olmayan şəxslər üçün isə Alberta şəxsiyyət vəsiqəsinin son istifadə tarixi ilə eyni olacaq. O əlavə edib ki, bu, fırıldaqçılığın qarşısını almaq üçün görülən tədbirdir və Alberta bunu çoxdan etməli idi. O, digər əyalətlərdə də oxşar sistemlərin olduğunu bildirib və Albertalılara xəbərdarlıq edib: “Sürücülük vəsiqənizin və ya şəxsiyyət vəsiqənizin müddəti bitəndə bunu görüb vaxtında yeniləməyinizə əmin olun”.
Qeyd edək ki, əvvəllər Alberta Sağlamlıq Kartının son istifadə tarixi yox idi. İndi isə kart 5 ildən bir yenilənməli olacaq. Səbəb olaraq hökumət deyir ki: Tibbi kartı olanların sayı Alberta əhalisindən 500 min nəfər çoxdur. Bu, bəzi insanların artıq Alberta sakini olmadığı halda kartdan istifadə etməsi riskini yaradır. Hökumət bunun fırıldaqçılığın qarşısını almağa kömək edəcəyini düşünür.
Foto CityNews Calgary