Avropa səyahətlərində yeni dövr başlayır: Şengen vizaları rəqəmsallaşır. Yeni qaydalara əsasən, Şengen vizası vahid rəqəmsal sistemdə qeydiyyata alınacaq. Səyahətçilər vizaları ilə bağlı məlumatlara onlayn platforma vasitəsilə çıxış əldə edə biləcəklər. Bu dəyişiklik viza müraciəti prosesinin sadələşdirilməsi və daha təhlükəsiz həyata keçirilməsi məqsədi daşıyır. 2030-cu ilə qədər mərhələli şəkildə həyata keçiriləcək proses zamanı
viza müraciətlərinin böyük hissəsi onlayn həyata keçiriləcək. Sənədlər rəqəmsal formada təqdim ediləcək, viza rüsumunun isə elektron şəkildə ödənilməsi mümkün olacaq.
Turizmçi Telman Hacıyev bildirir ki, bu heç də hamının “viza alacağam” deyə arxayınlaşması anlamına gəlmir.
Ənənəvi viza stikerinə əlvida
– Avropa İttifaqı Şengen vizası sistemini rəqəmsal formata keçirməyə hazırlaşır. Yeni sistem tam tətbiq edildikdən sonra pasportlarda ənənəvi vizaların yerini rəqəmsal vizalar alacaq. Şengen vizalarının rəqəmsallaşdırılması nə deməkdir və bu dəyişiklik turistlər üçün hansı yenilikləri gətirəcək?
– Əsas dəyişiklik odur ki, gələcəkdə pasporta yapışdırılan ənənəvi viza stikeri rəqəmsal viza ilə əvəz olunacaq. Müraciət prosesi də böyük ölçüdə onlayn platformaya keçiriləcək. Bu, turist üçün daha rahat və daha az kağız işi deməkdir.
- Yeni sistemdə viza hansı formada təqdim olunacaq və turistin vizasının həqiqiliyi sərhəddə necə yoxlanılacaq?
-Rəqəmsal viza xüsusi 2D barkod formatında olacaq və vizanın sahibinin fotoşəkli də sistemdə yer alacaq. Sərhəddə məlumatlar elektron sistem üzərindən yoxlanılacaq və vizanın saxta olub-olmadığı, həmçinin həmin şəxsə aid olub-olmadığı müəyyən ediləcək.
Daha sürətli və effektiv
– Rəqəmsallaşmadan sonra turistlərin viza üçün sənəd toplama prosesi necə dəyişəcək? Hansı sənədlər elektron formada təqdim olunacaq?
– Ərizə və tələb olunan sənədlərin böyük hissəsi elektron formada təqdim olunacaq. Sistem hansı sənədlərin lazım olduğunu da göstərəcək. Yəni əvvəlki kimi hər şeyi kağız şəklində hazırlamaq ehtiyacı azalacaq.
– Yeni sistem bütün müraciətçilər üçün tamamilə onlayn olacaq, yoxsa müəyyən şəxslər yenə də şəxsən viza mərkəzinə getməli olacaqlar?
-Tam olaraq onlayn olmayacaq. İlk dəfə müraciət edən və biometrik məlumat təqdim etməli olan şəxslər müəyyən hallarda yenə də şəxsən viza mərkəzinə getməli olacaqlar. Xüsusilə barmaq izi və foto kimi biometrik məlumatlarla bağlı fiziki iştirak tələb oluna bilər.
– Rəqəmsal sistem viza müraciətinin nəticəsinin daha tez əldə olunmasına imkan verəcəkmi?
– Rəqəmsallaşmanın əsas məqsədlərindən biri prosesi daha sürətli və effektiv etməkdir. Amma bu, avtomatik olaraq vizanın daha tez veriləcəyi anlamına gəlmir. Müraciətin baxılma müddəti yenə də konsulluğun qərarından və sənədlərin vəziyyətindən asılı olacaq.
- Rəqəmsal sistemə keçid dövründə turistlər hansı çətinliklərlə üzləşə bilərlər?
– İlk mərhələdə sistemə uyğunlaşma, texniki problemlər həm turistlərin, həm də viza mərkəzlərinin yeni prosedurlara alışması müəyyən çətinliklər yarada bilər. Ona görə keçid dövründə bir qədər səbrli olmaq lazım olacaq.
Əgər sistem problemsiz işləsə…
– Şengen vizasının rəqəmsallaşması turizm şirkətlərinin fəaliyyətinə və turistlərə göstərdikləri viza xidmətlərinə necə təsir edəcək?
– Turizm şirkətlərinin işi tamamilə aradan qalxmayacaq, əksinə, turistlər üçün düzgün sənədlərin hazırlanması, ərizənin düzgün doldurulması və prosesin düzgün yönləndirilməsi yenə vacib olacaq. Sadəcə, işin böyük hissəsi kağızdan elektron sistemə keçəcək.
-Ümumilikdə, bu dəyişiklik sizin fikrinizcə, Avropaya səyahəti daha əlçatan və rahat edəcəkmi?
– Məncə, uzunmüddətli perspektivdə əlçatan edəcək. Əgər sistem problemsiz işləsə, müraciət prosesi daha rahat, şəffaf və sürətli olacaq. Xüsusilə Azərbaycandan Avropaya tez-tez səyahət edən turistlər üçün bu, kifayət qədər müsbət dəyişiklikdir. Amma ilk mərhələdə sistemin necə işləyəcəyini görmək lazımdır.