Kanadanın Alberta əyalətindəki “Wainwright” hərbi bazasında baş verən partlayış və yanğın nəticəsində bir neçə nəfər həlak olub, onlarla insan yaralanıb.
İlkin araşdırmalar göstərir ki, canlı atışlı təlim zamanı istifadə edilən döyüş sursatı sürətlə yayılan ot yanğınını alovlandırıb və bu da partlayışa səbəb olub.
Bazar günü Kanadanın Baş naziri Mark Karni dörd hərbçinin həlak olduğunu və onların yaxınlarına bu barədə məlumat verildiyini təsdiqləyib. O, onlarla digər şəxsin də ağır yaralandığını bildirib.
Global News-a danışan ayrı-ayrı hərbi mənbələr isə partlayış və yanğın nəticəsində azı yeddi nəfərin öldüyünü, onlarla insanın yaralandığını bildiriblər. Hadisə Edmonton şəhərindən təxminən 200 kilometr məsafədə yerləşən hərbi bazada baş verib.
Kanada Silahlı Qüvvələri bazar günü səhər yaydığı açıqlamada fövqəladə hadisənin şənbə günü, saat 16:00 radələrində baş verdiyini bildirib. Qurumun məlumatına görə, hərbi və mülki fövqəladə hallar xidmətləri yanğını nəzarət altına almaq və “bu faciəli hadisədən zərər çəkənlərə dəstək göstərmək” üçün dərhal müdaxilə ediblər.
Hadisə yerində olan mənbələrdən biri alovun gözqamaşdırıcı dərəcədə güclü olduğunu bildirib. Onun sözlərinə görə, hərbçilər yaralıları bazaya qaytarmaq üçün maşınlara yerləşdirir, daha sonra isə yenidən hadisə yerinə qayıdaraq digər silahdaşlarını götürməyə çalışırdılar.
Kanadanın milli müdafiə naziri David McGuinty şənbə axşamı Alberta əyalətinin mərkəzində yerləşən hərbi bazada baş verən və çoxsaylı insan tələfatı ilə nəticələnən hadisə barədə danışarkən deyib: “Yaxın keçmişdə buna bənzər bir hadisəni xatırlaya bilmirəm”.
Foto:THE CANADIAN PRESS/John Ulan