Kanada baş naziri Türkiyəyə səfər edib: embarqodan iş birliyinə

Karni NATO-nun güclü müttəfiqi olan Türkiyə ilə əlaqələri gücləndirmək istəyir

Kanadanın Baş naziri Mark Karni bu gün NATO-nun strateji baxımdan mühüm müttəfiqi olan Türkiyəyə üçgünlük səfərə yola düşüb. Türkiyənin iqtisadiyyatı və müdafiə sənayesi Kanada hökuməti üçün getdikcə daha cəlbedici olur.

Kanada mediası CBC-nin səfərlə bağlı yazısını sizinlə paylaşırıq.

Səfər çərçivəsində Ankarada Prezident Rəcəb Tayyib Ərdoğanla, İstanbulda isə biznes nümayəndələri ilə görüşlər keçiriləcək. Bu, Kanada baş nazirinin Türkiyəyə xüsusi olaraq ikitərəfli münasibətlər çərçivəsində etdiyi ilk səfərdir.

Görüşlər iki ölkə arasında münasibətlərin istiləşdiyini göstərir. Kanada bir neçə il ərzində Türkiyəyə faktiki silah embarqosu tətbiq etmişdi. 2021-ci ildə Ankara hökumətinin Kanadada istehsal olunan dron hissələrini Dağlıq Qarabağ uğrunda Ermənistanla müharibə zamanı Azərbaycana ötürdüyü barədə iddialar ortaya çıxmışdı. Buna görə Ottava əvvəlcə hərbi ixrac icazələrini dondurmuş, daha sonra isə ləğv etmişdi. Sonradan bu siyasət yumşaldılıb.

Səfərdən əvvəl, adlarının açıqlanmaması şərti ilə danışan yüksək vəzifəli federal rəsmilər bildiriblər ki, bu səfər baş nazirin xarici siyasət kursuna uyğundur.

Rəsmilərdən biri texniki brifinq zamanı deyib: “Kanada mövcud vəziyyətə dəyərlərə əsaslanan realizm yanaşması ilə cavab verir. Biz həm prinsiplərə sadiq, həm də praqmatik olan siyasət yürüdürük”.

O əlavə edib ki, bu yanaşma azadlıq, insan hüquqları, davamlılıq və həmrəylik kimi fundamental dəyərlərə sadiqliyə əsaslanır. Eyni zamanda, praqmatik yanaşma bütün tərəfdaşların bu dəyərləri tam bölüşmədiyini qəbul etmək deməkdir.

Karni səfərinin gündəliyində çox güman ki, üç əsas məsələ üstünlük təşkil edəcək: azad ticarət sazişinin müzakirəsi, enerji və strateji sənaye sahələrində əməkdaşlığın genişləndirilməsi, eləcə də müdafiə sənayesi sahəsində daha sıx əlaqələrin qurulması.

Karni və Ərdoğan iyulun 7-də Ankarada keçirilən NATO sammiti zamanı azad ticarət sazişi üzrə danışıqlara başlanıldığını rəsmən elan ediblər.

Kanada ABŞ-dən iqtisadi asılılığını azaltmağa və beynəlxalq iqtisadi əlaqələrini şaxələndirməyə çalışdığı bir vaxtda baş nazir Türkiyə ilə daha güclü strateji tərəfdaşlıq qurmağa cəhd edir.

Baş naziri səfərdə xarici işlər naziri Anita Anand və energetika naziri Tim Hokson müşayiət edəcək.

Kanada Türkiyəyə Candu nüvə reaktorlarını təklif edir

Türkiyə elektrik enerjisi istehsalını şaxələndirmək və idxal olunan fosil yanacaqlardan asılılığı azaltmaq məqsədilə nüvə energetikası sahəsini genişləndirir. Kanada isə bu istiqamətdə özünün Candu nüvə reaktoru texnologiyasını Türkiyəyə təklif etmək üçün kommersiya imkanları görür.

İyun ayında Kanada və Türkiyənin ticarət nazirləri Candu reaktorları ilə bağlı mümkün əməkdaşlığı açıq şəkildə müzakirə ediblər.

Bu məsələ əhəmiyyətlidir, çünki nüvə energetikası layihələri maliyyələşdirmə, yanacaq təminatı, texnologiya transferi, tənzimləyici qurumlar arasında əməkdaşlıq və yerli sənayenin iştirakı da daxil olmaqla, uzunmüddətli və böyük həcmli öhdəliklər tələb edir.

Federal rəsmilərdən səfər zamanı bu sahədə razılaşmanın mümkün olub-olmadığı soruşulub. Onlar hazırda “hər hansı konkret nəticə barədə danışmaq imkanına malik olmadıqlarını” bildiriblər.

Müdafiə sənayesi sahəsində isə daha çox irəliləyiş əldə oluna bilər.

Kanadanın müdafiə təchizatı üzrə dövlət katibi Stiven Fuhr may ayında Türkiyəyə səfər edərək bu ölkəni etibarlı tərəfdaş adlandırıb. O, inkişaf edən münasibətləri Karninin orta gücə malik dövlətlər arasında daha sıx əməkdaşlıq yaratmaq təşəbbüsü ilə əlaqələndirib.

S.Fuhr deyib: “Ayrılıqda götürdükdə, bizim imkanlarımız kifayət etmir, lakin birlikdə kifayət qədər güclüyük”.

S.Fuhr “Defense News” nəşrinə verdiyi son müsahibədə Türkiyə ilə potensial əməkdaşlığın əsas istiqamətləri kimi sursat istehsalını, dronları və dronlara qarşı müdafiə sistemlərini göstərib.

O, gələcək əməkdaşlığın hazır məhsulların satın alınması ilə məhdudlaşmayacağını, birgə texnologiya və sistemlərin hazırlanmasını da əhatə edə biləcəyini bildirib. Bu, xüsusilə Kanadanın sıfırdan başlamağa ehtiyac qalmadan müdafiə imkanlarını daha sürətlə artırmağa çalışdığı sahələr üçün əhəmiyyətlidir.

Hərbi ixracla bağlı əvvəlki mübahisə iki ölkə arasında nadir hallarda, bəlkə də heç vaxt açıq şəkildə gündəmə gətirilmir. Bununla belə, yüksək vəzifəli federal rəsmilər çərşənbə axşamı bildiriblər ki, Kanada ixrac nəzarəti qaydalarını tətbiq etməyə davam edir.

Bu qaydalara Kanada istehsalı olan hərbi avadanlıqların beynəlxalq humanitar hüququn pozulmasına səbəb ola biləcəyi və ya icazəsiz istifadəçilərə ötürülə biləcəyi riskinin qiymətləndirilməsi də daxildir.

Rəsmilərdən biri deyib: “Biz hər bir potensial ixracı ayrı-ayrılıqda qiymətləndiririk. Bütün bu məsələləri xarici işlər naziri nəzərdən keçirir. Lakin bu, inkişaf edən və mühüm tərəfdaşlıqdır. Türkiyə ilə daha müntəzəm əlaqələrin bərpası məhz bu cür müzakirələr aparmağa imkan verib. Biz ixrac sahəsində daha müntəzəm əməkdaşlığı bərpa etmək imkanına malikik və vəziyyəti izləməyə davam edəcəyik”.

Foto: Adrian Wyld/The Canadian Press

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar