[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Sorğu: kanadalı respondentlərin 19 faizi müharibə şəraitində döyüşə getməyə hazırdır

30 faiz isə “əgər səbəblərlə razılaşsam” şərti ilə razı olub

Kanada Silahlı Qüvvələri illərdir kadr çatışmazlığı ilə üz-üzədir və ordunun nüfuzu ictimai rəyin gözündə zəifləyib. NATO qarşısındakı öhdəliklərini yerinə yetirmək məqsədilə Kanada müdafiə xərclərini artırarkən, analitiklər bildirirlər ki, ordu ehtiyac duyduğu heyəti tapmaqda çətinlik çəkə bilər.

Yeni “Angus Reid” sorğusuna əsasən, kanadalıların 19 faizi müharibə olduğu halda, qeyd-şərtsiz hərbi xidmətə könüllü gedəcəyini bildirib.

52 faiz respondent ordu ilə qürur duyur

Sorğuda respondentlərə verilən “Müharibə olarsa, döyüşə getmək üçün könüllü olarsınızmı?” sualına 49 faiz “bəli” cavabını verib. Onların 19 faizi “ölkəm məni çağırsa”, 30 faizi isə “əgər səbəblərlə razılaşsam” şərti ilə razı olub. 39 faiz könüllü olmayacağını, 12 faiz isə qərarsız olduğunu bildirib. Müqayisə üçün bildirək ki, 1985-ci ildə bu sual verildikdə respondentlərin 61 faizi “bəli”, 15 faizi isə “səbəbdən asılı” olduğunu demişdi.

Kanada Silahlı Qüvvələri bir neçə ildir ki, həm maliyyə çatışmazlığı, həm də 2021-ci ildə orduda üstü açılan cinsi təcavüz məsələləri ilə bağlı ictimai dəstəyin azalması ilə üzləşib. 2019-cu ildə kanadalıların 80 faizi ordu ilə qürur duyduğunu bildirirdisə, bu gün bu rəqəm 52 faizə düşüb.

Qeyd edək ki, 2021-ci ildə Kanada Silahlı Qüvvələri bir sıra yüksək rütbəli komandirin cinsi zorakılıq iddiaları səbəbilə vəzifələrindən istefa verməsi və ya uzaqlaşdırılması ilə gündəmə gəldi. Bu, yalnız ordu rəhbərliyinə deyil, eyni zamanda qurbanların müdafiəsi üçün kifayət qədər tədbir görmədiyi üçün federal hökumətə qarşı da ciddi tənqidlərə səbəb oldu.

Kimlər könüllü olmağa daha meyllidir?

54 yaşdan yuxarı kişilər arasında bu rəqəm 69 faizdir (35 faiz tam şərtsiz, 34 faiz isə müharibənin səbəbləri ilə razı olduğu halda). 18–34 yaş arası kişilər arasında könüllü olmaq istəyənlərin sayı 45 faizdir (21 faiz şərtsiz, 24 faiz şərtlə). Eyni yaş qrupundakı qadınlar arasında bu göstərici cəmi 31 faizdir (10 faiz şərtsiz, 21 faiz isə şərtlə), 58 faiz isə tamamilə könüllü olmağa qarşıdır.

Qeyd: Sorğu bu il 2–23 iyun tarixlərində “Angus Reid Forum” üzvü olan 1619 kanadalı arasında onlayn keçirilib.

Foto: canada.ca

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp