Şəhərdə keçirilən festivallarda cibgirlik halları, xüsusilə mobil telefon oğurluqları artmaqdadır. Toronto polisinin məlumatına görə, 2025-ci ilin may və iyun aylarında, şəhərin qərb hissəsini əhatə edən 14-cü Polis Bölməsinin ərazisində, festivallar zamanı izdihamlı yerlərdə mobil telefon oğurluqları ilə bağlı xeyli sayda şikayət qəbul ediblər.
Polis oğurluqların konkret olaraq hansı festivallarda baş verdiyini açıqlamayıb, lakin bu ərazidə bu ay ərzində “Taste of Little Italy”, “Do West Fest” kimi populyar tədbirlər keçirilib.
“Şübhəlilər mobil telefonları çantadan, bel çantasından, ciblərdən, pul kisələrindən və bir anlıq nəzarətsiz buraxılmış yerlərdən oğurlayırlar. Bəzi hallarda isə telefonlar bağlı çantalardan belə çıxarılıb”, – deyə polis bildirib.
Polis yay mövsümündə şəhərdə keçirilən festivallarda iştirak etməyi planlaşdıran insanlara əşyalarına nəzarət etməyi tövsiyə edir.
Foto: Canva
















