Baş nazir Mark Karni ABŞ prezidenti Donald Trampın artırdığı tariflərə qarşı hər hansı cavab addımı atmaq niyyətində olmadığını göstərdi. Hətta, əgər bu addım Kanada sənayesinə kömək edəcəksə, mövcud tarifləri ləğv etməyə belə açıq olduğunu bildirdi.
Avqustun 1-nə kimi ABŞ-la ticarət sazişi əldə oluna bilmədi və nəticədə bəzi Kanada məhsullarına 35 faiz idxal vergisi tətbiq olunmağa başlandı. Bu tarif Şimali Amerika ölkələri arasında ticarəti tənzimləyən Kanada-ABŞ-Meksika Razılaşmasına daxil olmayan mallara şamil olunur.
Tramp administrasiyası bildirib ki, bu tarif Kanadanın fentanil qaçaqmalçılığı ilə bağlı cavab tədbiri kimi əvvəlki tarifləri tətbiq etməsinə cavabdır. Kanada hökuməti ticarət müharibəsi başladığı gündən bəri ABŞ mallarına qarşı üç dəfə cavab tarifləri tətbiq edib. Bu tədbirlərə 60 milyard dollarlıq ABŞ istehlak mallarına qarşı tariflər və ABŞ avtomobillərinə əlavə rüsumlar daxildir.
Karni yeni tariflərə niyə dərhal cavab verilmədiyi sualına cavab olaraq deyib: “Biz hər zaman demişik ki, tarifləri Birləşmiş Ştatlara maksimal, Kanadaya isə minimal təsir edəcək şəkildə tətbiq edəcəyik. Biz avtomatik cavab vermirik. Hansı tədbirin bizim sənayemiz üçün daha səmərəli olduğuna baxırıq. Bəzi hallarda bu, tariflərin aradan qaldırılması olacaq”.
Baş nazir əlavə edib ki, “biz bunu etməyə imkan verən fürsətlərə baxacağıq, çünki sonda əsas məqsədimiz Kanadaya mümkün olan ən yaxşı təsiri göstərməkdir”.
Trampa qarşı sərt mövqe tutacağına və yeni ticarət və təhlükəsizlik sazişi bağlayacağına söz verərək hakimiyyətə gələn Karni, indi bir çox əyalət rəhbərləri və sənaye birliklərinin təzyiqləri ilə üz-üzədir.
Foto: ABC News
















