Kanadanın Montreal şəhərində 7-10 avqust tarixlərində keçirilən Orientalys Festivalında (“Festival Orientalys”) Montrealdakı Kanada Azərbaycan Cəmiyyəti (SACM) də iştirak edib. Artıq 6-cı ildir ölkəmizi sözügedən festivalda təmsil edən SACM-ın rəhbəri Rəna Müslümova bizimlə söhbətində bildirdi ki, hər il olduğu kimi, bu il də Azərbaycan milli geyimlərinin, kəlağayılarının, suvenirlərinin, xəritəsinin yer aldığı çadırda kanadalılara Azərbaycanın tarixi, coğrafiyası haqqında məlumat verib, şəhərlərimizi, bölgələrimizi, tarixi məkanlarımızı tanıdıblar.
R.Müslümovanın sözlərinə görə, hər il “Festival Orientalys”də 20-yə yaxın şərq ölkəsi iştirak edir: “Dörd gün davam edən festivalda hər bir ölkə onlara ayrılan çadırda ölkəsi haqqında məlumat verib, musiqi və rəqslərini nümayiş etdirirlər. Eyni zamanda festivalın keçirildiyi ərazidə qurulan iki səhnədə gün ərzində müxtəlif konsert proqramları olur, rəqslər nümayiş etdirilir”.
R.Müslümova bir çoxlarının Azərbaycan adını ilk dəfə eşitdiyini desə də, ölkəmizi tanıyanların az olmadığını da bildirdi: “YouTube və digər sosial şəbəkələrdən Azərbaycanla bağlı videoları izləyənlərə də rast gəldik. Azərbaycanlıların YoTube-dakı “Kənd həyatı” kanalını izlədiyini, ölkəmizi oradan tanıyıb sevdiyini söyləyənlər də oldu. Azərbaycana aid baş örtükləri, kələğayılarla, araqçınla şəkil çəkdirənlər də az deyildi. Çox sevindirici haldır ki, “Formula-1” yarışlarını izləmək üçün Bakıya getdiyini söyləyən, eyni zamanda getmək istədiyini deyən insanlar da var idi. Hər gün yüzlərlə ziyarətçisi olan və 4 gün ərzində Montrealın mərkəzində Old Port – Vieux Port adlanan ərazidə keçirilən festivalda növbəti uğurlu təqdimatımızla Azərbaycanı sevə-sevə, qürurla təqdim etdik”.




















