Kanadanın Alberta əyalətində dovşanları şikəst etmək və öldürməkdə təqsirli bilinən şəxs 8 il müddətinə azadlıqdan məhrum edilib.
32 yaşlı Nikolas Vesin bir neçə dovşana lazımsız ağrı, xəsarət və əzab verməklə onları öldürmək və ya yaralamaq, həmçinin heyvanlara kifayət qədər qida, su, sığınacaq və qulluq göstərməmək daxil olmaqla 10 maddə üzrə təqsirli bilinib.
Cinayətlər 2022-ci ilin oktyabr ayının sonlarından 2023-cü ilin yanvar ayınadək törədilib.
Ötən il keçirilən məhkəmə prosesində narahatedici faktlar açıqlanıb. Məhkəmədə təqdim olunan məlumata görə, Smoki adlı dovşanın arxa sağ ayağı kəlbətinlə kəsilib və o, süd yeşiyinə bağlanmış vəziyyətdə günlərlə ağrı içində saxlanılıb.
Məhkəmə hakimi Mişel Bourkyu təqsirləndirilən şəxsin əməllərini “iyrənc” və “ağlasığmaz” adlandırıb.
Hakim həmçinin ona ömürlük heyvan saxlamaq və ya heyvanlarla birgə yaşamaq qadağası qoyub.
Hakim qərarında bildirib: “Cənab Vesin tərəfindən törədilən cinayətlər son dərəcə ağırdır. Prokurorluğun da qeyd etdiyi kimi, bu əməlləri düzgün xarakterizə etmək üçün uyğun söz tapmaq çətindir”.
Hakimin sözlərinə görə, müdafiəsiz dovşanlara qarşı tətbiq olunan zorakılığın səviyyəsi həddindən artıq olub. O vurğulayıb ki, təqsirləndirilən şəxs aylar ərzində tamamilə onun qayğısından asılı olan bir neçə dovşana qəsdən ağır xəsarətlər yetirib, uzunmüddətli əzab verib və onların ölümünə səbəb olub.