Albertada avtomobil nömrələrinin indiki şüarı “Vəhşi Qızılgül ölkəsi” (Wild Rose Country) ifadəsi “Güclü və Azad” (Strong and Free) ifadəsi ilə əvəz olunacaq. Əyalət hökuməti bu dəyişikliyin 2026-cı ilin sonuna qədər həyata keçiriləcəyini açıqlayıb.
Baş nazir Danielle Smis və bürokratiyanın azaldılması naziri Deyl Nalli dəyişikliklə bağlı mətbuat konfransı keçiriblər.
Noyabrın 5-dək albertalılar səkkiz fərqli nömrə dizaynı arasından xoşladıqlarını seçmək üçün onlayn səsvermədə iştirak edə biləcəklər. Hökumətin məlumatına görə, yeni şüar həm Kanadanın dövlət himninə, həm də “vahid Kanada daxilində güclü və suveren əyalət kimi Alberta”ya işarə edir.
Qeyd edək ki, Albertanın nömrə dizaynları sonuncu dəfə 1984-cü ildə dəyişdirilib və həmin vaxt “Wild Rose Country” ifadəsi ilə qırmızı-ağ rəng palitrası təqdim olunub.
D.Nally vurğulayıb ki, “Güclü və Azad” ifadəsi heç bir siyasi ideologiyaya aid deyil: “Bu, bizim əyalət devizimizdir. Bunu gizlətməməliyik”.
Albertalılar hökumətin rəsmi saytına daxil olaraq sevimli nömrə dizaynlarını seçərək səsvermədə iştirak edə bilərlər.
















