Amerikanın Kaliforniya ştatılnda bir ana, spa mərkəzində gözəllik proseduru etdirdiyi zaman 1 yaşlı oğlunun isti avtomobildə ölməsi ilə bağlı həbs olunub və ona qarşı ittiham irəli sürülüb.
20 yaşlı Maya Hernandez 29 iyun tarixində Bakersfield şəhərində yerləşən “Always Beautiful Medical Spa” adlı gözəllik mərkəzində dodaq dolğusu proseduru etdirdiyi vaxt 1 yaşlı oğlu və 2 yaşlı digər oğlunu bir neçə saatlıq avtomobildə tək buraxdığı üçün ehtiyatsızlıqdan adam öldürmə və uşağa qarşı qəddarlıq ittihamları ilə üzləşib. Bu barədə “NBC News” məlumat yayıb.
Məhkəmədə özünü günahsız elan edən M.Hernandezin 1 milyon ABŞ dolları miqdarında zamin qarşılığında azadlığa buraxılması rədd edilib.
“Los Angeles Times”ın əldə etdiyi polis hesabatına görə, M.Hernandez polisə bildirib ki, prosedurdan sonra avtomobilə qayıtdıqda 1 yaşlı oğlu Amillio Gutierrezin qıcolma keçirdiyini görərək 911-ə zəng edib. Polis hadisə yerinə çatdıqda uşağın şüursuz, nəfəs almayan və dodaqları göyərmiş vəziyyətdə olduğunu qeyd edib. Polis hesabatında digər uşağın isə “saçlarının islanmış” və “yorğun göründüyü” yazılıb.
Hər iki uşaq təcili yardım maşını ilə xəstəxanaya aparılıb. 1 yaşlı uşaq xəstəxanaya çatanda nəfəs almırdı, nəbzi yox idi və dodaqları göy idi. Həkimlərin müdaxiləsinə baxmayaraq, bir saat sonra ölü elan olunub. 2 yaşlı uşaq sağalıb və hazırda Uşaq Müdafiə Xidmətinin himayəsindədir.
M.Hernandez polisə bildirib ki, uşaqlarını təhlükəsizlik kəməri ilə avtomobilin arxa oturacağında kreslolarına bağlayaraq, mühərriki işlək və kondisioneri açıq vəziyyətdə qoyub. Uşaqların yanında “kraker, konfet, süd və telefon” qoyub ki, televizora baxa bilsinlər.
Lakin polis qeyd edir ki, M.Hernandezin avtomobili (Toyota Corolla Hybrid-2022) park vəziyyətində 1 saat işlədikdən sonra avtomatik olaraq sönürmüş. Bu səbəbdən avtomobilin mühərriki və kondisioneri təxminən saat 15:00-da sönüb və 90 dəqiqə sonra, yəni 16:30-da geri qayıdan ana artıq uşaqlardan birini huşsuz vəziyyətdə tapıb.
Polisin “niyə uşaqları spa-ya özü ilə aparmadığı” sualına cavabında M.Hernandez “maşını işlək vəziyyətdə qoyduğu üçün heç bir şeyin baş verməyəcəyini düşündüyünü” deyib.
Hadisədən əvvəl M.Hernandez spada çalışan tibb bacısına mesaj yazaraq uşaqları içəri gətirib-gətirə bilməyəcəyini soruşub və cavab olaraq “əgər gözləmə otağında gözləmələrinə etiraz etmirsinizsə, gətirə bilərsiniz” deyə cavab alıb.
29 iyun tarixində hava 38.3°C olub, avtomobilin içindəki temperaturun isə təxminən 61.6°C-yə qalxdığı təxmin edilir.
İstintaq üzrə detektiv Kayl McNabb bildirib ki, “Hernandez etiraf edib ki, davranışının məsuliyyətsiz olduğunu bilirmiş, amma buna baxmayaraq uşaqları avtomobildə buraxıb”.
Uşaqların nənəsi Katie Martinez isə “ABC News”a açıqlamasında: “Onlar təhlükəsizlik kəməri ilə bağlanmışdılar. Özlərini xilas edə bilməzdilər”, deyə bildirib.
K.Martinez əlavə edib ki, bu hadisə Hernandez üçün xarakterik olmayıb: “O belə deyildi. Həqiqətən sevən bir ana idi. Oğulları onu çox sevirdilər və ona güvənirdilər”.
Məhkəmə davam edir.
















