Federal hökumət gələn həftədən benzin və dizel üçün federal yanacaq vergisini müvəqqəti olaraq dayandırmağa hazırlaşır.
Federal hökumətin məlumatına görə, verginin dayandırılması nəticəsində adi benzinin qiyməti hər litrdə təxminən 10 sent, dizelin qiyməti isə 4 sent ucuzlaşacaq.
Bu tədbir aprelin 20-dən qüvvəyə minəcək və sentyabrın 7-dək davam edəcək. Qərar ABŞ və İran arasında gərginlik fonunda qlobal neft qiymətlərinin qeyri-sabit qalması şəraitində qəbul edilir.
Münaqişə fevralın sonlarında başlayandan bəri dünya enerji təchizatının beşdə birinin keçdiyi Hormuz boğazı üzərindən daşımalar demək olar ki, dayanıb. Nəticədə Kanadanın bəzi bölgələrində benzin qiymətləri litrə görə 40 sentdən çox artıb.
Keçən həftə Karni hökumətinin yüksək yanacaq qiymətləri fonunda kanadalılara kömək yollarını “nəzərdən keçirdiyini” bildirmişdi. Baş nazir jurnalistlərə açıqlamasında bu tədbirin “hədəfli” və müvəqqəti olduğunu vurğulayıb: “Aydın olmaq üçün deyim ki, bu gün yanacaq aksiz vergisinin azaldılması daha güclü və daha əlverişli iqtisadiyyat qurmaq məqsədinə uyğun, məsuliyyətli və müvəqqəti tədbirdir. Kanadalılar maliyyə təzyiqi ilə üzləşəndə xərclərini diqqətlə idarə edirlər və hökumətdən də eyni davranışı gözləyirlər.”
Enerji və Təbii Sərvətlər naziri Tim Hodgson “CTV News”a bildirib ki, hökumət bu tədbirin sentyabrın 7-dən sonra da uzadılmasını istisna etmir: “Biz sentyabrda mövcud vəziyyəti və maliyyə reallıqlarını qiymətləndirəcəyik. Əgər Hormuz boğazı bağlı qalarsa, hökumət pragmatik şəkildə reaksiya verəcək”.
Qeyd edək ki, federal hökumət 1995-ci ildən etibarən benzindən litrə görə 10 sent, 1987-ci ildən isə dizeldən 4 sent aksiz vergisi tutur.