“Arşın mal alan” Toronto səhnəsində anşlaqla qarşılandı: biletlər iki həftə əvvəl tükənmişdi

Üzeyir Hacıbəylinin ölməz əsəri “Arşın mal alan” operettası oktyabrın 11-də Toronto şəhəri yaxınlığında Richmond Hill Centre for the Performing Arts səhnəsində nümayiş olundu. “Təbriz Azərbaycan Musiqi və Rəqs Ansamblı”nın təşkilatçılığı ilə baş tutan tamaşa anşlaqla keçdi.
Azərbaycan musiqi və teatr sənətinin sevilən nümunələrindən biri olan “Arşın mal alan”a maraq o qədər böyük oldu ki, biletlər tamaşanın keçirilməsinə iki həftə qalmış artıq tükəndi. Bu, Kanadada yaşayan Cənubi və Şimali azərbaycanlıların milli mədəniyyətimizə və səhnə sənətimizə göstərdiyi marağın daha bir göstəricisidir.
Tamaşa zamanı canlı orkestrin müşayiəti, vokal ifaları və rəqs nömrələri izləyicilərə Azərbaycan teatrının rəngarəng dünyasını yaşadıb. İstedadlı sənətçilərin ifasında təqdim olunan əsər tamaşaçılara həm musiqili, həm də emosional baxımdan yaddaqalan bir axşam bəxş edib. Aktyorların cəmi 1-2 faizi professional səhnədən gəlsə də, qalanları könüllü kimi Azərbaycan mədəniyyətini yaşadanlardır.
Aktyorların yalnız kiçik bir hissəsi peşəkar səhnə təcrübəsinə malik olsa da, onların hər birini birləşdirən ortaq sevgi var: Azərbaycan mədəniyyətini yaşatmaq və onu Kanadada gələcək nəsillərə ötürmək. Onlar bunu könüllü fəaliyyətləri, istedadları və böyük həvəsləri ilə həyata keçirirlər.

Azərbaycan mədəniyyəti Kanadada yaşadılır
Qeyd edək ki, “Arşın mal alan” indiyədək Kanadanın müxtəlif şəhərlərində üç dəfə tamaşaçıların görüşünə gedib. Budəfəki nümayiş də Azərbaycan mədəni irsinin ölkə hüdudlarından kənarda tanıdılması baxımından əhəmiyyətli hadisə olub.
2003-cü ildə yaradılan Təbriz Azərbaycan Musiqi və Rəqs Ansamblının əsas missiyası Azərbaycan musiqisini, rəqsini və mədəniyyətini vətəndən uzaqlarda yaşatmaq və yerli ictimaiyyətə tanıtmaqdır.

Tamaşanın yaradıcı heyəti
Əsərin əsas rollarını Əsgər obrazında Hassan Anami, Gülçöhrə obrazında Kristina Rəhimova, Süleyman obrazında Rövşən Tağıyev, Asya obrazında Nasrin Attari, Soltan bəy obrazında Mamed Peygumbəri, Cahan xala obrazında NurQəmər Peygumbəri, Vəli obrazında Saeed Şirazi və Telli obrazında Leyla Kərəmzadə canlandırıblar.
Tamaşanın musiqi direktoru Polad Kaşef, rejissoru və prodüseri Şervin Şadpur olub. Prodüserlər arasında Nəsrin Attari də yer alıb. Musiqi, xor və rəqs nömrələrini “Təbriz Azərbaycan Musiqi və Rəqs Ansamblı” təqdim edib. Qonaq musiqiçilər sırasında Freddi Abu Sido və Qranit Kamberi də olub.
“Arşın mal alan”ın anşlaqla qarşılanması Azərbaycan klassik musiqisinin və teatr ənənələrinin Kanadada da öz auditoriyasını qoruduğunu bir daha nümayiş etdirib.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar