Rəna Fərəcova: “Regina Dövlət Kitabxanası bizdən Azərbaycan uşaq nağılları istədi”
Recayna Azərbaycan Mədəniyyət Assosiasiyası (Azerbaijani Cultural Association of Regina) “Azərbaycan nağılları” adlı kitab nəşr etdirib. Həm Kanadadakı balaca həmyerlilərimiz, həm də kanadalı uşaqlar üçün nəzərdə tutulan kitabda “Cırtdan”, “Cik-cik xanım”, “Günəşin nağılı”, “Hiyləgər keçi”, “Göyərçin və qarışqa” kimi 8 Azərbaycan nağılı yer alıb. Bu barədə CanAzerbaijan.com-a Recayna Azərbaycan Mədəniyyət Assosiasiyasının İdarə Heyətinin üzvü, nağıllarımızın ingiliscəyə tərcüməçisi Rəna Fərəcova məlumat verdi.
R.Fərəcova “Azərbaycan nağılları”nı Regaynadakı dövlət kitabxanalarına da verdiklərini dedi.
Maliyyə dəstəyi olarsa…
Hazırda kitabı öz maliyyə hesablarına kiçik nüsxəylə çap etdirdiklərini deyən müsahibimizin sözlərinə görə, maliyyə dəstəyi olarsa, “Azərbaycan nağılları”nı daha böyük həcmdə nəşr etdirə və Kanadanın digər əyalətlərindəki kitabxanalara da təqdim edə bilərlər.
“Regayna Dövlət Kitabxanası bizdən Azərbaycan uşaq nağılları istədi”
R.Fərəcova Recaynanın Azərbaycan Mədəniyyət Assosiasiyası olaraq həmişə Recaynadakı universitet, həmçinin dövlət kitabxanalarına Azərbaycanla bağlı ingiliscə kitablar verdiklərini bildirdi: “Əməkdaşlıq etdiyimiz kitabxanalardan biri – Recayna Dövlət Kitabxanasının – əməkdaşı iki il əvvəl uşaq nağıllarına ehtiyaclarının olduğunu dedi. Çətinliklə də olsa Azərbaycandan nağıllarımızın ingilicə yer aldığı 4 kitab tapdıq. Amma bu kitablarda şəkillər az idi və onlar da ağ-qara rəngdə idi. Düşündük ki, özümüz nağıllarımızdan ibarət kitab hazırlayıb çap edək. Mən Azərbaycan nağıllarını ingiliscəyə çevirməyə başladım. Həmyerlimiz Rüstəm Sərdarlı onu redaktə etdi. İllustrasiyaları Azərbaycandan Dina Rüstəmova hazırladı. Kitab barədə resenziyanı Regayna Dövlət Kitabxanasının Kolleksiyalar üzrə direktoru Geoffrey Allen yazdı. Nəhayət 1,5 il üzərində işlədikdən sonra kitabı Kanadada çap etdik”.
Kitabı necə almaq olar?
Müsahibimiz hazırda “Azərbaycan nağıllarının” həm elektron, həm də çap versiyasının Amazonda yerləşdirilməsi üzərində işlədiklərini dedi: “Ümid edirik ki, kitab bu ilin sonuna kimi Amazonda satışda olacaq. İndilik isə kitabları almaq istəyənlərə poçt vasitəsilə göndəririrk”.
“Kanadalılara Azərbaycan nağılları oxuduq”
R.Fərəcovanın sözlərinə görə, kitab çap olunandan sonra Regayna Dövlət Kitabxanasında hər həftə təşkil edilən “Nağıl vaxtı” (“Story time”) proqramının biri “Azərbaycan nağılları”na həsr edilib: “Övladları, nəvələri ilə “Nağıl vaxtı” proqramına qatılan kanadalılara Azərbaycan nağılları oxuduq. Hətta proqram bitəndən sonra bizə yaxınlaşıb ödəniş edərək özümüzlə apardığımız kitablardan alan valideynlər də oldu”.
R.Fərəcova hazırda Recayna Beynəlxalq Qadınlar Cəmiyyətindən 6 yaşa kimi uşaqlara “Azərbaycan nağılları” oxumaqla bağlı təklif aldıqlarını bildirdi.
















