[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Bu il Torontoda üç şagird orta məktəb üzrə 100% nəticə əldə edib

Torontoda üç şagird orta məktəbi 100 faiz orta göstərici ilə bitirərək tarix yazıb. Onlar bildirirlər ki, bu uğurun arxasında güclü ailə dəstəyi, sağlam icma, şəxsi maraqlar və zəhmət dayanır.

Toronto Şəhər Təhsil İdarəsinin (TDSB) məlumatına görə aşağıdakı şagirdlər bu il 100 faiz nəticə göstərib:

Umayeer Ahsan – Bloor Collegiate Institute məktəbinin şagirdi

Munjal Patel – Martingrove Collegiate Institute məktəbinin şagirdi

Joshua Han – Virtual Secondary School məktəbinin şagirdi

“Bu uğur ailəmin sayəsində mümkün olub”

Mətbuata açıqlamasında Umayeer Ahsan deyib ki, onun uğurunda ailəsinin rolu əvəzsiz olub. Valideynləri ona nahar hazırlayıb, kifayət qədər yatmasını təmin edib və gecələr dərs oxuduğu zaman daim dəstək olublar: “Onların əməyi qiymət cədvəlimdə görünməsə də, oradakı hər bir nəticənin əldə olunmasına məhz onlar imkan yaradıb”.

Umayeer hesab edir ki, yüksək nəticənin əsas sirri vaxtın düzgün idarə olunmasıdır: “Bir neçə fənni və digər öhdəlikləri eyni vaxtda idarə etməyi bacarmaq lazımdır. Hamımız sosial insanlarıq, dostlarımızla vaxt keçirmək, dərnəklərə qatılmaq və hobbilərimizlə məşğul olmaq istəyirik. Amma hər şeyin öz vaxtı var və öncədən plan qurmaq çox vacibdir”.

Umayeer süni intellekt və onun təhlükəsizliyi sahəsində təhsil almaq üçün Vaterloo Universitetinə qəbul olmağı planlaşdırır.

“Gördüyüm hər işdə əlimdən gələnin ən yaxşısını edirdim”

Munjal Patel isə deyir ki, heç vaxt məqsədi 100 faiz nəticə əldə etmək olmayıb: “Bu, həqiqətən də möhtəşəm hissdir. 9-cu sinifdən etibarən qarşıma 100 faiz orta göstərici toplamaq məqsədi qoymamışdım. Sadəcə orta məktəb boyunca iki prinsipim olub: gördüyüm hər işdə əlimdən gələnin ən yaxşısını etmək və hər zaman yeni bir şey öyrənmək”.

Munjal Patel Toronto Universitetində mühəndislik elmləri üzrə təhsil alacaq.

“Bacardığınız qədər çox kitab oxuyun”

Coşua Han isə bütün təhsilini onlayn şəkildə aldığını deyib. O bildirib ki, ailəsi hər zaman ona böyük dəstək verib, lakin heç vaxt təzyiq göstərməyib: “Xüsusilə anam ehtiyac duyduğum anda mənə ən doğru məsləhətləri verib. Valideynlərim məndən heç vaxt mükəmməllik də tələb etməyiblər. Əslində onlar mənə heç vaxt mükəmməl olmağım üçün təzyiq göstərməyiblər. Təzyiqi özüm-özümə kifayət qədər edirəm”.

Onun sözlərinə görə, onlayn təhsil onun öyrənmə tərzinə tam uyğun gəlib: “Onlayn təhsil mənim üçün ideal idi. Bu format mənə cədvəlimi və iş mühitimi özüm idarə etmək imkanı verdi ki, bu da öyrənmə tərzimə tam uyğun gəlirdi”.

Coşua deyir ki, kitablara sevgisi uşaqlıqdan ailəsinin onu mütəmadi kitabxanaya aparması ilə yaranıb: “Şagirdlərə ən böyük məsləhətim budur: bacardığınız qədər çox və müntəzəm kitab oxuyun”.

O əlavə edib ki, vaxtın düzgün idarə olunması, sağlam həyat tərzi və güclü icma dəstəyi vacibdir: “Amma mütləq oxuyun. Müasir dövrdə savadlılıq həyatın bütün sahələrinin əsasını təşkil edir. Oxumaq isə bu bacarığı inkişaf etdirməyin ən yaxşı yollarından biridir”.

Onun sözlərinə görə, onlayn təhsil alaraq 100 faiz nəticə əldə etmək böyük özünənəzarət, intizam və məsuliyyət tələb edir.

İcma fəaliyyətində fəal iştirak edib

Coşua əlavə edib ki, məktəbə gedib-gəlməyə sərf olunacaq vaxtı cəmiyyət üçün faydalı işlərə ayıra bilib. Coşua bildirib ki, məktəbə gedib-gəlmədiyi üçün qazandığı vaxtı yerli kilsədə gənclər üzrə  lideri kimi fəaliyyət göstərməyə sərf edib. O, həmçinin bir neçə dəfə Şagird Şurasının prezidenti seçilib: “İki dəfə Şagird Şurasının prezidenti seçildim və bu vəzifədə 40-dan çox üzvdən ibarət komandaya rəhbərlik edərək onlayn məktəb mühitində icmanı gücləndirən 60-dan çox layihə həyata keçirdik”.

Coshua Toronto Universitetinin Scarborough kampusunda kooperativ idarəetmə proqramında oxumağı, daha sonra isə hüquq fakültəsinə daxil olmağı planlaşdırır.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp