“The Old Farmer’s Almanac”ın proqnozuna görə, qışda temperatur normadan yüksək olacaq, yalnız Ontario əyalətinin cənub-şərq hissəsi və ona yaxın ərazilər istisna təşkil edir.
“Ümumilikdə, Kanadanın, demək olar, hər yerində bu qış normadan daha mülayim hava gözlənilir”, – deyə “The Old Farmer’s Almanac”ın baş redaktoru Kerol Konar CTVNews.ca-ya verdiyi müsahibədə bildirib.
Ümumi proqnozlar
K.Konarın sözlərinə görə, Kanadanın şimal bölgələrində daha çox qar yağacaq, cənub hissələrində isə daha çox yağış, dolu, duman, qarla qarışıq yağıntı və ya qar gözlənilir: “Ümumi istiləşmə səbəbindən atmosferdə daha çox rütubət olur və bu da əvvəlkindən daha çox yağıntı deməkdir”.
İsti geyim ən çox Atlantik Kanadadan tutmuş Nunavut, Kvebek, qərbi Ontario, şimal-qərb və cənub Preriyaları, Britaniya Kolumbiyasının şimal və cənub hissələrində, həmçinin cənubi Yukonda yaşayanlara lazım olacaq. Bu ərazilərdə normadan çox yağış və qar gözlənilir. Digər bölgələrdə isə yağıntılar “norma çərçivəsində və ya normadan az” olacaq.
Şimali Kanadanın proqnozu
2025–26-cı ilin ümumi qış proqnozuna əsasən:
Yukonun cənub hissəsi mülayim və qarlı, şimalı isə mülayim və quru olacaq.
Şimal-Qərb Ərazilərində mülayim və quru hava proqnozlaşdırılır.
Nunavut isə mülayim və qarlı keçəcək.
Atlantik Kanada
Atlantik Kanadada qış normadan isti olacaq, eyni zamanda daha çox qar və yağıntı gözlənilir. Dekabrın əvvəli və ortaları, həmçinin yanvarın əksər günləri ən soyuq dövrlər olacaq. Ən çox qar isə noyabrın ortasında, dekabrın ortası və sonunda, yanvarın əvvəlləri və ortalarında yağacaq.
Kvebek
Cənubi Kvebekdə qış normadan isti olacaq. Yağıntı normadan çox olsa da, qar əvvəlki illərə nisbətən daha az gözlənilir. Ən qarlı dövr noyabrın sonu, dekabrın əvvəli və sonu, həmçinin yanvarın əvvəli olacaq. Şimal bölgələrində isə mülayim və qarlı hava proqnozlaşdırılır.
Ontario
Əyalətin cənub-şərqində qış normadan daha soyuq və quru olacaq, amma qarın miqdarı az olacaq. Cənub-qərb bölgələrdə isə əksinə, hava isti, yağıntı və qar normadan çox olacaq.
Cənubi Ontarioda ən soyuq dövr dekabrın ortası və sonu, yanvarın əvvəli və sonu, həmçinin fevralın əvvəlləri olacaq. Ən qarlı günlər noyabrın sonu və fevralın əvvəlində və ortasında gözlənilir. Şimali Ontario isə mülayim və qarlı olacaq.
Preriyalar
Cənub Preriyalarında qış normaldan isti keçəcək. Yağıntılar normaldan çox olacaq, qar yerinə daha çox yağış proqnozlaşdırılır. Ən soyuq dövr noyabrın sonu, dekabrın əvvəli və fevralın əvvəllərinə düşəcək. Daha çox qar noyabrın sonu və dekabrın əvvəlində yağacaq.
Saskatchevanın cənubu mülayim və rütubətli, şimalı mülayim və quru olacaq.
Albertanın şimalı mülayim və qarlı, cənubu isə mülayim və rütubətli olacaq.
Manitobanın şimalı mülayim və quru, cənubu mülayim və rütubətli olacaq.
Britaniya Kolumbiyası
Britaniya Kolumbiyasının cəubunda normadan çox isti olacaq, amma noyabrın sonu, dekabrın əvvəli və fevralın əvvəllərində soyuq dalğalar gözlənilir. Ən qarlı dövr noyabrın sonu və dekabrın əvvəli–ortasında olacaq. Şimal bölgələrində yağıntı normadan az, cənubda isə normadan çox olacaq. Ümumilikdə, qar əvvəlki illərə nisbətən az olacaq. Amma noyabrda qar başlaya bilər.
“The Old Farmer’s Almanac” hava proqnozlarını necə hazırlayır?
“The Old Farmer’s Almanac” deyir ki, o, hava proqnozlarını 1792-ci ildə qurucusu Robert B. Tomas tərəfindən yaradılmış və müasir elmi hesablamalarla təkmilləşdirilmiş “gizli formula”ya əsaslanaraq hazırlayır. Tomas inanırdı ki, günəşdəki ləkələr (maqnit fırtınaları) Yer kürəsinin havasına təsir göstərir.
Proqnozlar həmçinin günəş elmini, günəş aktivliyini, iqlimşünaslıq və meteorologiyanı nəzərə alır. Almanax müəllifləri deyirlər ki, onların proqnozları 80 faiz dəqiq olur.
















