Recaynada (Regina) fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Assosiasiyası (AzCAR) Azərbaycanın “CTV Regina” telekanalının qonağı olub. “CTV Regina”ya dəvət alan AzCAR Azərbaycan haqqında üç qısa televiziya süjetinin çəkilişində iştirak edib. Artıq süjetlərdən biri televiziya ekranlarında tamaşaçılara təqdim edilib. Bu barədə “CanAzerbaijan”a Assossiasiyanın İdarə Heyətinin üzvü Rəna Fərəcova məlumat verib.
Onun sözlərinə görə, hər biri təxminən üç dəqiqə davam edən bu süjetlər Azərbaycanı, onun mədəniyyətini və xalqımızın həyat tərzini fərqli istiqamətlərdən təqdim edir. Videoların digər ikisi qarşıdakı aylar ərzində telekanalda yayımlanacaq.
R.Fərəcova deyir ki, ilk süjet Azərbaycanın kimliyinə və mənşəyinə həsr olunubI: “Bu hissədə Azərbaycanın dünya xəritəsindəki mövqeyi, Azərbaycan dili və ölkəmiz haqqında maraqlı faktlar barədə məlumat verilib. Eyni zamanda, tamaşaçılara Recaynada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Assosiasiyası haqqında danışılıb, təşkilatın məqsədləri və Azərbaycan mədəniyyətinin Kanadada tanıdılması istiqamətində gördüyü işlər təqdim olunub. Süjet çərçivəsində Recaynada nəşr etdiyimiz “Azərbaycan nağılları” (“Azerbaijani Fairy Tales”) kitabı haqqında da məlumat verilib”.
Müsahibimizin sözlərinə görə, ikinci süjet Azərbaycan mətbəxinə və qonaqpərvərlik ənənələrinə həsr edilib: “Azərbaycan xalqı üçün süfrə yalnız yemək məkanı deyil, həm də ailə bağlarının möhkəmləndiyi, dostluğun və səmimiyyətin ifadə olunduğu xüsusi bir mədəni mühitdir. Çay süfrəsi, qonağa hörmət, ənənəvi yeməklər və insanları bir araya gətirən süfrə mədəniyyəti haqqında söhbət zamanı Azərbaycan qonaqpərvərliyinin gündəlik həyatımızdakı mühüm yeri vurğulanıb. Çay ətrafında söhbət etmək, şirniyyat və milli təamlarla qonaqları qarşılamaq xalqımızın nəsildən-nəslə ötürülən gözəl ənənələrindəndir”.
Üçüncü süjet Azərbaycan incəsənətinə və mədəniyyətinə həsr olunub. R.Fərəcova bildirib ki, bu hissədə Azərbaycan milli rəqsinin gözəlliyi və xalqımızın musiqi ənənələri tamaşaçılara təqdim edilib: “AzCAR-ın ifasında “Ağ çiçəyim” rəqsi nümayiş olunaraq Azərbaycan rəqs sənətinin rəngarəngliyi və milli geyimlərimizin gözəlliyi nümayiş etdirilib”.
R.Fərəcova deyir ki, AzCAR üçün bu çəkilişlər yalnız Azərbaycan haqqında məlumat vermək deyil, həm də ölkəmizin mədəni irsini, dilini, adət-ənənələrini və milli dəyərlərini Kanada cəmiyyətinə tanıtmaq baxımından əhəmiyyətli bir fürsətdir: “Təşkilatın fəaliyyəti milli mədəniyyətimizin qorunmasına, uşaqlara və gənclərə ötürülməsinə, eləcə də müxtəlif mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın və dostluğun möhkəmlənməsinə xidmət edir. Qarşıdakı aylarda yayımlanacaq digər iki qısa süjet vasitəsilə Recayna və ətraf bölgələrin sakinləri Azərbaycanı daha yaxından tanımaq, onun zəngin mədəni irsi və qonaqpərvərliyi haqqında məlumat əldə etmək imkanı qazanacaqlar”.