Kvebek əyalətinin Qatino şəhərindən olan cütlük Dominikan Respublikasında istirahətdə olarkən ölü tapılıb. Ailənin “Radio Canada”ya bildirdiyinə görə, Alain Noel və Kristine Sauvenin oğlu dekabrın 26-da valideynlərinin cəsədlərini istirahət evində tapıb.
Ölüm səbəbi hələlik məlum deyil və yerli hakimiyyət orqanları hadisəni araşdırır.
Kristine Sauvenin qardaşı Gilles Sauve bildirib ki, yerli qurumlar ona tibbi müayinənin nəticələrinin 45 gün ərzində ailəyə göndəriləcəyini deyiblər.
Sauve bildirib ki, bacısı ilə onların ölü tapılmasından bir gün əvvəl danışıb. Kristine ona başgicəllənmə hiss etdiyi üçün xəstəxanaya getdiyini deyib. Dekabrın 26-da əlavə müayinələrdən keçməli idi.
G.Sauve hazırda Dominikan Respublikasındadır və ölüm şəhadətnamələrini almaq, yerli qurumlarla görüşmək və cəsədlərin Kvebekə repatriasiyasını təşkil etmək üçün çalışır.
Kanadanın Xarici İşlər Nazirliyi (Global Affairs Canada) isə bildirib ki, kanadalı rəsmilər konsulluq dəstəyi göstərir və əlavə məlumat əldə etmək üçün yerli hakimiyyət orqanları ilə əlaqə saxlayırlar.
















