Portuqaliyanın Gimarayeş şəhərində Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin (CIFFT) dekabrın 4-5-də 37-ci yekun mərasimi keçirilib və Dünya Turizm Filmlərinin qalibləri mükafatlandırılıb.
Tədbir CIFFT və Gimarayeş Bələdiyyəsinin təşkilatçılığı, Porto&Portuqaliyanın Şimalı Turizm Təşkilatı tərəfindən dəstəklənir.
Yekun mərasimdə ən yaxşı dünya turizm filmlərinin (World Tourism Film Award 2025) qalibləri mükafatlandırılıb.
CIFFT-in direktoru Alexander V.Kammel “Jordao Teatrı”nda da keçirilən mükafatlandırma mərasimində çıxışı zamanı qalibləri təbrik edərək qeyd edib ki, bu il ərzində 50-dən çox ölkədən 4000-dən çox video festivalda mükafat uğrunda yarışıb: “Portuqaliyanın beşiyi” sayılan Gimarayeş şəhəri bu gün ən yaxşı turizm hekayələrini danışır. Şimali Portuqaliya zəngin irsi, innovasiya qabiliyyəti, mədəni müxtəlifliyi ilə tanınıb. Dünyanın ən yaxşı turizm filmləri istehsallarını qeyd etmək üçün ideal məkanı bu şəhərdə – Portuqaluyanın doğulduğu yerdə tapdıq. Filmləri ərsəyə gətirən peşəkarlar təşkilatlarla birlikdə əlamətdar nailiyyətlərinə görə mükafat qazanıblar. Turizm filmləri yaradıcılıq, istedad, dayanıqlılıq qabiliyyətlərinə görə dəyərləndirilib. Bu anları sizinlə bölüşməkdən şərəf duyuruq!”.
Porto & Portuqaliyanın Şimalı Turizm Təşkilatının prezidenti Luis Pedro Martin qeyd edib ki, beynəlxalq tədbir şimaldakı bütün turizm əlaqələrini möhkəmləndirir: “Filmlərin mükafatlandırma mərasiminə ev sahibliyi etmək bizim üçün şərəfdir”.
Filmlər beş əsas kateqoriya: şəhər, region, ölkə tanıtımı, turizm məhsulları və turizm xidmətləri üzrə mükafatlandırılıb. İsveçrə, Almaniya, Sloveniya, Fransa, Polşa, Avstriya, Yaponiya, Montoneqro, İsveç, İspaniya, Portuqaliya, Bosniya və Hersoqovina, Xorvatiya və Kolumbiya təmsilçiləri mükafatçılar arasında yer alıblar.
Bu il həmçinin iki xüsusi mükafat: İsveçin Normmal Agentliyj ilə birlikdə hazırlanmış və BMT Turizminin iştirakını nəzərdə tutan “Turizm Mətbuatı Mükafatı” və “GreenWorking Awards” mükafatları da sahiblərinə təqdim olunub.
Təşkilatın direktoru CIFFT-in 38-ci buraxılışının 2026-cı ildə Mərakeşdə keçiriləcəyini bildirib.
Qeyd edək ki, “Global Media Group”a daxil olan “Kaspi” qəzetinin əməkdaşı Təranə Məhərrəmova mükafatlandırma mərasimində festivalın Münsiflər Heyətinin üzvü kimi iştirak edib.

















