[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Dünyanın aparıcı ölkələrinin liderləri Kanadada

Kanadada keçirilən G7 sammiti dünyanın aparıcı ölkələrinin liderlərini bir araya gətirib. Görüş Alberta əyalətində, Kananaskis kurortunda baş tutub və iyunun 11-dək davam edəcək. Sammitdə Böyük Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və ABŞ liderləri, eləcə də Avropa İttifaqı nümayəndələri iştirak edir. Gündəlikdə əsas məsələlər kimi qlobal iqtisadi vəziyyət, Ukraynadakı müharibə və Yaxın Şərqdəki gərginlik yer alır.

Prezident Donald Tramp Rusiya ilə bağlı səs-küy doğuran açıqlamaları ilə gündəmə gəlib. O, Rusiya Prezidenti Vladimir Putinin bu görüşlərdə iştirak etməməsinə təəssüfləndiyini bildirib.

Qeyd edək ki, Rusiya 2014-cü ildə o vaxtlar “G8” adlanan qrupdan çıxarılıb. Bu, Putinin Krımı işğal etməsinə və Ukraynanı ələ keçirmək yönündə illərlə davam edən münaqişəyə başlamasından sonra baş verib. Lakin Tramp dəfələrlə bildirib ki, bu görüşlər Putinsiz keçirilməməlidir. O, bazar ertəsi Kanada baş naziri Mark Karni ilə görüşü zamanı bu fikrini bir daha səsləndirib.

Bazar ertəsi G7 liderləri əsas diqqəti qlobal iqtisadiyyata yönəldib. Həmçinin, İsrailin İrana qarşı hücumları da gündəmdə olan əsas məsələlərindən biridir.

Çərşənbə axşamı səhər Ukrayna prezidenti Volodimir Zelenski və NATO baş katibi Mark Rutte görüşə qoşulacaq. Günün ikinci yarısında digər liderlər də müzakirəyə qatılacaq.

G7 sammitləri konkret nəticələr verə bilən platformalardır. Son iki ildə bu görüşlər Rusiyaya qarşı ortaq sanksiyalar qəbul edilməsi ilə nəticələnib. Lakin Trampın xarici siyasətdə və qlobal ticarətdə dəyişən mövqeyi, ABŞ-ın yaratdığı qlobal düzəndən uzaqlaşması, bu dəfə ortaq qərarların qəbul ediləcəyini şübhə altına alır. Kanada rəsmiləri görüşün sonunda ənənəvi olaraq verilən ortaq bəyanatın hazırlanmasından imtina etdiklərini bildiriblər.

Foto: Kenny Holston/The New York Times

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar