Dünya Turizm Filmləri Mükafatlarının 37-ci buraxılış mərasimi ilk dəfə Portuqaliyanın Gimarayeş şəhərində keçiriləcək. 4-5 dekabr tarixlərində baş tutacaq bu nüfuzlu beynəlxalq tədbir BMT Turizm və Avropa Səyahət Komissiyasının institusional dəstəyi ilə baş tutacaq.
Beynəlxalq Turizm Filmləri Festivalının (CİFFT) təşkilat komitəsindən verilən məlumata görə, tədbirdə turizm sənayesi üçün audiovizual kommunikasiya sahəsindəki mükəmməllik qeyd olunacaq və ilin ən yaxşı turizm filmləri mükafatlandırılacaq. “Kaspi” qəzetinin məlumatına görə, rəsmi mükafatlandırma mərasimi dekabrın 5-də Gimarayeş şəhərindəki “Teatro Jordano”da təşkil olunacaq. Tədbirdə dünyanın müxtəlif ölkələrindən olan turizm mütəxəssisləri, yaradıcı agentliklərin təmsilçiləri, istehsal şirkətlərinin nümayəndələri, jurnalistlər, eləcə də İspaniya, İsveçrə, İsveç, Polşa, Avstriya, Bosniya və Herseqovina, Kolumbiya, Birləşmiş Krallıq, Almaniya, Yunanıstan, Mərakeş və digər ölkələrdən qonaqlar iştirak edəcək.
Gimarayeş Avropanın Yaşıl Paytaxtı olmağa hazırlaşır
Yekun tədbir Porto turizm təşkilatının dəstəyi, Beynəlxalq Turizm Film Festivalları Komitəsi (CIFFT) və Gimarayeş Bələdiyyəsi tərəfindən təşkil olunur.
Qeyd edək ki, UNESCO-nun Dünya İrsi Siyahısına daxil olan və “Portuqaliyanın beşiyi” kimi tanınan Gimarayeş 2026-cı ildə Avropanın Yaşıl Paytaxtı olmağa hazırlaşır.
Əhəmiyyətli mədəni, iqtisadi və strateji fürsət
Gimarayeş meri Ricardo Araújo qeyd edib ki, Dünya Turizm Filmləri Mükafatlarının ilk dəfə Gimarayeşdə keçirilməsi bələdiyyə üçün olduqca əhəmiyyətli mədəni, iqtisadi və strateji fürsətdir: “Portuqaliyanın beşiyi” və unikal tarixi və simvolik irsin sahibi kimi tanınan Guimaraes bu beynəlxalq tədbir üçün nüfuzlu bir məkandır”.
50 ölkədən 4000-dən çox tanıtım videosu
CIFFT direktoru Aleksandr V.Kammel isə “Şimali Portuqaliya zəngin irsi, təbii müxtəlifliyi və innovasiya qabiliyyəti ilə tanınır və ilin ən yaxşı istehsallarını qeyd etmək üçün ideal məkanı məhz Gimarayeşdə tapdıq. Hər il turizm audiovizual məzmununa həsr olunmuş aparıcı beynəlxalq müsabiqə olan CIFFT-də təxminən 50 ölkədən 4000-dən çox tanıtım videosu iştirak edir. Tədbirdə dünyanın ən yaxşı turizm filmləri beş əsas kateqoriya üzrə mükafatlandırılacaq. Bu kateqoriyalara şəhər tanıtımı, region tanıtımı, ölkə tanıtımı, turizm məhsulları və turizm xidmətləri daxildir. Festivalda xüsusi fərqlənmələr də təqdim olunacaq”, – deyə bildirib. Mükafatlar arasında “Turizm Mətbuat Mükafatı” və ilk dəfə olaraq İspaniyanın Normmal Agentliyi ilə tərəfdaşlıqda və Dünya Turizm Təşkilatının iştirakı ilə yaradılan “GreenWorking Mükafatları” yer alıb. “Bu mükafatlar məsuliyyətli turizm prinsiplərinə uyğun mesajlar və təcrübələr çatdıran audiovizual məhsullara verilir”, – o deyib.
“Kaspi”nin əməkdaşı festivalın münsiflər heyətində
Tədbir çərçivəsində iştirakçılar şəbəkə sessiyalarına, ekspert panellərinə və təyinat marketinqi, yaradıcı sənaye və kommunikasiya sahəsində liderlər arasında mübadiləni təşviq edən mədəni təcrübələrə çıxış əldə edəcəklər.
Qeyd edək ki, “Global Media Group”a daxil olan “Kaspi” qəzetinin əməkdaşı Təranə Məhərrəmova artıq ikinci ildir ki, festivalın münsiflər heyətinə üzv seçilir.
















