Bu gün Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ-ın Vaşinqton şəhərində birgə bəyannamə imzaladılar.
Bu günkü görüşün nəticəsi:
- Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən hissəsi 99 illik müddətə Amerika şirkətinə verilir.
- Ermənistan və Azərbaycan hərbi əməliyyatlara son qoymağı, ticarət yollarını açmağı, diplomatik münasibətlər qurmağı və bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşmağı öhdələrinə götürürlər.
- 907-ci düzəliş dondurulub. ABŞ Azərbaycanla hərbi əməkdaşlıq sahəsindəki məhdudiyyətləri aradan qaldırır.
- Trampın təşəbbüsü ilə Azərbaycan Naxçıvana, Ermənistanın suverenliyinə tam hörmət çərçivəsində çıxış əldə edəcək.
Donald Tramp: Ermənistan və Azərbaycan diplomatik münasibətləri bərpa etmək və hərbi qarşıdurmanı müddətsiz olaraq dayandırmaq barədə razılığa gəliblər.
İlham Əliyev: Bu, Azərbaycan üçün tarixi nailiyyətdir. Ermənistan və Azərbaycan xalqları gələcək nəsillər naminə barışmağa güc tapacaqlar. Prezident Tramp Qafqaza sülh gətirdi və biz buna görə minnətdarıq.
Nikol Paşinyan: Keçmiş artıq keçmişdə qaldı. Bu günkü bəyanatda Donald Trampın da imzası olacaq. Biz tariximizdə yeni bir səhifə açırıq.
Bəyannamənin mətni
Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünün nəticələrinə dair Birgə Bəyannamənin mətni:
Biz, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş Naziri 8 avqust 2025-ci il tarixində Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində görüşərək, aşağıdakıları bəyan edirik:
- Biz və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətninin tərəflərin xarici işlər nazirləri tərəfindən imzalanmasına şahidlik etdik. Bu kontekstdə, biz Sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin davam etdirilməsinə ehtiyac olduğunu qəbul etdik və ölkələrimiz arasında sülhün təmin edilməsi və gücləndirilməsinin vacibliyini vurğuladıq;
- Biz, həmçinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Prosesi və onunla əlaqəli strukturlarının bağlanmasına dair Azərbaycan Respublikasının xarici işlər naziri və Ermənistan Respublikasının xarici işlər naziri tərəfindən ATƏT-ə birgə müraciətin imzalanmasına şahidlik etdik. Biz ATƏT-in bütün iştirakçı dövlətlərini bu qərarı qəbul etməyə çağırırıq;
- Biz regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılmasının əhəmiyyətini bir daha təsdiq etdik. Bu səylər Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını və Ermənistan Respublikası üçün beynəlxalq və ölkədaxili bağlantılar üzrə qarşılıqlı faydaları ehtiva edir;
- Ermənistan Respublikası Ermənistan Respublikasının ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə Amerika Birləşmiş Ştatları və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcək. Biz bu məqsədə ən qısa zamanda nail olmaq üçün xoş niyyətlə səy göstərməyə dair qətiyyətimizi təsdiq edirik;
- Biz BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq, keçmiş münaqişənin əsiri olmayan parlaq gələcək yoluna qədəm qoyulmasına olan ehtiyacı qəbul edirik. Dərin insan iztirablarına səbəb olmuş münaqişədən sonra nəhayət ki, beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazi əldə olunması üçün güc tətbiq etmənin yolverilməzliyi əsasında dövlətlərimizin qonşuluq münasibətlərinin qurulmasına başlaması üçün şərtlər yaradılmışdır. Yenidən təftiş mövzusu olmayan və heç bir zaman olmayacaq bu reallıq dövlətlərimiz arasında düşmənçilik səhifəsinin bağlanmasına yol açır. Biz indi və gələcəkdə hər hansı bir qisas cəhdini qətiyyətlə rədd edir və istisna edirik;
- Biz bu Zirvə görüşünün regionda qarşılıqlı hörmət və sülhün irəlilədilməsi üçün möhkəm təməl təşkil edəcəyinə əminliyimizi ifadə edirik;
- Biz bu vacib Zirvə görüşünə ev sahibliyi çərçivəsində səmimi qonaqpərvərliyə və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında ikitərəfli əlaqələrin normallaşdırılmasının irəlilədilməsinə vacib töhfələrinə görə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa dərin minnətdarlığımızı ifadə edirik.





















