“Ev-ev gəzərək azərbaycanlı ailələrlə görüşür, uşaqları hər həftə öz avtomobillərimizlə Ana dili məktəbinə gətirirdik”
Dünən Toronto Təhsil Mərkəzinin nəzdində fəaliyyət göstərən Azərbaycan dili sinfinin 20 illik yubileyi qeyd olundu. Bu, ana dilimizin, ədəbiyyatımızın və milli-mədəni dəyərlərimizin azərbaycanlı uşaqlara peşəkar şəkildə öyrədilməsinin 20 illik tarixidir.
İyirmi il əvvəl Azərbaycanlı Qadınlara Dəstək Mərkəzi (AWSC) və Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzi Toronto Rayon Məktəb Şurasının (TDSB) tədris proqramına Azərbaycan dilinin daxil edilməsi məqsədilə birgə fəaliyyətə başladılar. Məktəb Şurasının ilkin tərəddüdü ilə qarşılaşdıqdan sonra sözügedən təşkilatlar icmanı səfərbər edərək imza topladılar və TDSB-də Azərbaycan dili müəllimlərinin seçilməsi üçün rəsmi prosedurların yaradılmasına nail oldular.
Bütün çətinliklərə və maneələrə baxmayaraq, 20 il əvvəl bu məktəbdə müəllim kimi fəaliyyətə başlayan Yeganə Cəfərovanın əməyi və səyi nəticəsində məktəb öz fəaliyyətini davam etdirə bildi.
- Cəfərova çıxışında son 20 il ərzində sinfi yaşatmaq üçün hansı çətinliklərdən keçdiklərindən danışdı. O qeyd etdi ki, özü və Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzinin sədri Əkbər Məcidov vaxtilə ev-ev gəzərək azərbaycanlı ailələrlə görüşür, uşaqları hər həftə öz avtomobilləri ilə Ana dili məktəbinə gətirirdilər.
Tədbirdə çıxış edən Toronto şəhər müşaviri Lili Çeng (Lily Cheng) Kanadanın çoxmədəniyyətli cəmiyyət olmasının üstünlüklərindən danışdı. O, öz övladlarını da hər həftə ana dilləri olan Çin dili dərslərinə apardığını bildirib. Lili Çeng Azərbaycanlı Qadınlara Dəstək Mərkəzinə xüsusi sertifikat təqdim etdi.
Azərbaycan dili sinfinin digər müəllimi Gülnar Nasir çıxışında vurğuladı ki, hər bir xalqın kimliyi onun dili və mədəniyyəti ilə müəyyən olunur: “Dilini qoruyan millət öz kimliyini qoruyur. Biz də bunu anlayaraq uşaqlarımıza ana dilimizi və milli dəyərlərimizi öyrədirik.”
Kanadanın sabiq Vətəndaşlıq və Multikulturalizm naziri, keçmiş millət vəkili Toni Ruprext (Tony Ruprecht) multikulturalizmin Kanadanın ən böyük üstünlüklərindən biri olduğunu qeyd etdi və tədbir təşkilatçılarına öz kitabını hədiyyə etdi.
Azərbaycanın Kanadadakı səfirliyinin müvəqqəti işlər vəkili Vüsal Süleymanov məktəbin fəaliyyətinin davam etdirilməsində əməyi keçən hər kəsə səfirlik adından təşəkkürünü bildirdi. O, xüsusilə bütün həftə işlədikdən sonra belə, həftəsonlarını övladlarını yorulmadan və usanmadan Azərbaycan dili dərslərinə gətirən valideynlərə minnətdarlığını ifadə etdi.
Azərbaycan dili sinfinin nəzdində fəaliyyət göstərən dram dərnəyinin şagirdləri dilimizin gözəlliyini əks etdirən tamaşa nümayiş etdirdilər. Rəqs dərnəyinin şagirdləri isə “Qaval” rəqsi ilə tədbir iştirakçılarının alqışlarını qazandılar.
Tədbir çərçivəsində Azərbaycanlı Qadınlara Dəstək Mərkəzi Azərbaycan dili sinfinin fəaliyyətində könüllü kimi dəstək olan valideynlərə təşəkkür sertifikatları təqdim etdi. Həmçinin A025-2026-cı tədris ilini başa vuran Ana dili sinfinin şagirdləri sertifikat aldılar.
Qeyd edək ki, tədbirdə Azərbaycanın müxtəlif icma təşkilatlarının rəhbərləri ilə yanaşı, deputatlar Judy Sgro, Stan Cho və Andrea Hazell də iştirak edirdilər.