Kanada Statistika Komitəsinin yeni hesabatına görə, kanadalılar dostları ilə əvvəlkindən daha az vaxt keçirir və bu azalma ən çox işləyən əhali qrupuna daxil olanlarda nəzərə çarpır.
Hesabatda deyilir ki, əsasən, 2022-ci ildə kanadalıların cəmi 19.3 faizi orta hesabla gündə bir dəfə dostları ilə görüşüb. Bu göstərici 1986-cı ildə 47.9 faiz olub. Sorğuda iştirak edənlərə texnologiya (telefon, e-poçt, sosial media və s.) vasitəsilə deyil, şəxsən dost və ya ailə üzvləri ilə birlikdə olub-olmadıqları soruşulub.
Ən böyük azalma 25–64 yaş arası şəxslər arasında qeydə alınıb. Bu yaş aralığında insanların dostları ilə görüşmək ehtimalı 36 il ərzində 42 faizdən 14 faizə düşüb. “Dostlarını görənlər üçün isə birgə vaxt keçirmə müddəti 1986-cı ildə orta hesabla 5 saat idisə, 2022-ci ildə bu rəqəm 3.8 saata enib,” – deyə hesabatda qeyd olunur.
15–24 yaşlı gənclər arasında da gündəlik dostlarla görüş ehtimalı 30 faizdən çox azalıb. Bununla belə, bu yaş qrupu 2022-ci ildə 41 faiz göstərici ilə dostlarla ən çox görüşən qrup olaraq qalır.
2022-ci ildə kanadalılar 1990-cı illərin əvvəllərindən bəri vaxt baxımından daha çox təzyiq altında olduqlarını bildiriblər. Respondentlərin demək olar ki, dörddə biri vaxt çatışmazlığından şikayətlənib (bu göstərici 30 il əvvəl 15 faiz idi).
Foto: The Canadian Press/Justin Tang