Yay fəslinin Kanadanın əksər əyalətlərində normadan daha isti olacağı proqnozlaşdırılır. Ətraf Mühit və İqlim Dəyişikliyi üzrə Dövlət Komitəsinin meteoroloqu Cennifer Smit bildirib ki, Atlantik Kanadası, Kvebek, Ontario və şimali Manitobanın bəzi ərazilərində yayın normadan daha isti keçəcəyi gözlənilir. Bu tendensiya ölkənin digər hissələrində də müşahidə olunur: “Bir neçə daha sərin nöqtə var, əsasən Kanadanın şimal-qərbində, Beaufort dənizi sahillərində, lakin ümumilikdə yay daha isti keçəcək”.
Ətraf Mühit və İqlim Dəyişikliyi üzrə Dövlət Komitəsinin tədqiqatçısı Bill Merifild bildirib ki, yaz yağışlarının az olması və yaxın aylarda da quraqlığın davam edəcəyi proqnozu Qərbi Kanadada iyul ayından başlayaraq ciddi meşə yanğınları təhlükəsi yaradacaq.
O deyib ki, vəziyyət avqust ayında daha da pisləşə bilər və Ontariodan qərbdə yerləşən əksər əyalətlərdə yanğın təhlükəsinin səviyyəsi “normadan xeyli yuxarı” olacaq.
Qeyd edək ki, Kanadada yay aylarında orta temperatur 1948-ci ildən bu yana təxminən 1.8°C artıb.
Foto: The Globe and Mail