Kanada, həm ABŞ-dan, həm də digər xarici ölkələrdən gələn ziyarətçilərin sayında ardıcıl azalma müşahidə edir. Bu barədə Kanada Statistika Komitəsinin son məlumatlarında bildirilir.
Aprel ayında ABŞ sakinlərinin Kanadaya etdiyi səfərlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8.9 faiz azalıb. Digər ölkələrdən gələnlərin sayı isə 0.6 faiz azalıb.
Bu, ABŞ sakinlərinin Kanadaya ardıcıl üçüncü ayda, digər xarici ölkələrdən gələnlərin isə yeddinci ayda səfərlərinin azaldığını göstərir.
Eyni dövrdə Kanadadan ABŞ-a səfər edib geri qayıdan kanadalıların sayı isə kəskin şəkildə – 29.1 faiz azalıb. Bu, ardıcıl dördüncü aydır ki, bu göstəricidə eniş qeydə alınır. Digər tərəfdən, Kanadaya xaricdən – əsasən hava nəqliyyatı ilə qayıdan kanadalıların sayı 9.1 faiz artıb.
Ümumilikdə, aprel ayında kanadalılar xaricdən ölkəyə 3.6 milyon səfərdən qayıdıblar. Bunların 2.3 milyonu ABŞ-dan olub. Bu isə 2024-cü ilin aprel ayı ilə müqayisədə ümumi 18.9 faiz azalma deməkdir.
Kanadaya gələn xarici vətəndaşların sayının azalmasına əsas səbəb Asiyadan gələnlərin sayında müşahidə olunan 12.6 faizlik enişdir. Əvəzində Avropa və Amerika (ABŞ istisna olmaqla) qitəsindən gələnlərin sayında artım müşahidə olunub.
Aprel ayında Kanadaya gələn ölkə ziyarətçilərinin əsas üç mənbə ölkəsi Birləşmiş Krallıq (61,500 nəfər), Fransa (39,600 nəfər) və Meksika (39,500 nəfər) olub. Bu üç ölkə 408,200 nəfərlik ümumi uzaq məsafəli səfərlərin 34.4 faizini təşkil edib.
Ziyarətçi sayında azalma olsa da, aprel ayında Kanadaya gələnlərin əksəriyyəti yenə də ABŞ-dan olub – ümumi 1.3 milyon səfər və ümumi gələnlərin 76.7 faizi.