Kanadanın üç böyük əyalətinin baş nazirləri yeni boru kəmərləri və dəmir yolu layihələrini inkişaf etdirmək üçün birgə razılaşma elan ediblər.
Çərşənbə axşamı günü Ontario və Alberta, bir neçə həftə əvvəl imzalanmış razılaşmaya Saskaçevanı da əlavə ediblər. Bu razılaşma əsasən ticarət imkanlarının araşdırılması və boru kəmərləri ilə yeni dəmir yolu infrastrukturunun planlaşdırılmasını əhatə edir.
Anlaşma memorandumu ilə təsdiqlənən bu plan, yerli istehsal olunmuş poladdan istifadə edilərək şərq-qərb istiqamətində potensial boru kəməri layihəsinin öyrənilməsini nəzərdə tutur. Bu boru kəməri Ontario əyalətində hələ tikilməmiş James Bay dərin dəniz limanı ilə birləşdirilə bilər.
Bundan əlavə, plan Ontarionun şimalında minerallarla zəngin olan Ring of Fire bölgəsindən Qərbi Kanadada yerləşən emal müəssisələrinə dəmir yolu xəttinin çəkilməsi imkanlarını araşdırmağı da əhatə edir.
Bu razılaşmaya son olaraq Saskaçevanın da qoşulduğunu elan edən Alberta baş naziri Daniel Smis, bu görüşdən təxminən bir saat sonra eyni binada baş nazirlərlə görüşməyə gələcək olan baş nazir Mark Karniyə xəbərdarlıq edib: “Əgər baş nazir Mark Karni bizimlə işləmək istəmirsə, sadəcə mənim və Skott Moenin yox, həm də Ontarionun baş naziri Daq Fordun da qarşısında durmalı olacaq. Kanadanın enerji sektorunun inkişafına zərər vuran pis qanunlardan xilas olmağın vaxtıdır”.
Saskaçevanın baş naziri Skott Moe belə bir bəyanat verib: “Biz aydın mesaj veririk: Kanadanın enerji gələcəyi kanadalılar tərəfindən, kanadalılar üçün qurulacaq. Bu razılaşma əyalətlərimizin birlikdə çalışaraq yeni bazarların açılmasına, mədənlərdən limanlara qədər təchizat zəncirlərinin gücləndirilməsinə və sənayemizin ehtiyacı olan federal islahatların müdafiəsinə yönəlib”.
Digər əyalətlərin mövqeyi isə hələlik qeyri-müəyyəndir. Kvebekin baş naziri François Legault üç əyalət tərəfindən imzalanan boru kəməri razılaşması ilə bağlı ingilis dilində verilən suallara cavab verməyib.
Dəmir yolu layihəsi ilə bağlı suala Manitoba baş naziri Vab Kinev qısa və sərt şəkildə cavab verib: “Bizdə artıq dəmir yolu var. Bu, xəyal deyil”.
Ontario və Albertanın bu birgə layihədə Manitobanın dəstəyini alıb-almadığı sualına V.Kinev belə cavab verib: “Mən Kanada komandasındayam. Biz hamımız bir yerdə işləyirik, ölkəni inkişaf etdiririk”.
Britaniya Kolumbiyasının baş naziri David Ebi isə razılaşmaya dəvət olunmadığını deyib. “Əgər dəvət olunsaydınız, razılaşmanı imzalayardınızmı?” sualına isə belə cavab verib: “Mən orada nə yazıldığını bilmirəm.”
Bu razılaşmadan əlavə, Ontario indiyədək Britaniya Kolumbiyası, Alberta, Manitoba və Saskaçevan daxil olmaqla 10 əyalət və ərazi ilə ikitərəfli ticarət sazişləri imzalayıb.
















